Siyasət 23:00 30.01.2023

Cümşüd Nuriyev: ”İranda hərbi hissələrin vurulmasında İsrailin əli yoxdur, bunu daxili qüvvələr edib"

Xəbər verdiyimiz kimi, yanvarın 28-də, gecə saat 23.30-da PUA-larla edilən zərbələr nəticəsində İranın Təbriz şəhərindəki dron zavodu, İsfahandakı hərbi müəssisə və Mallarddakı sursat anbarı dağıdılıb. Hücum zamanı insan itkisi olmayıb. Yalnız müəssisələrə ziyan dəyib.

Hücumun arxasında kimin dayandığı hələlik bəlli deyil. İran özü də indiyə qədər konkret kimisə günahlandırmayıb. Pentaqon da İrana endirilən zərbələrdə hər hansı iştirakına dair yayılan məlumatları təkzib edib. Görəsən, İran ətrafında nə baş verir? Baş verən olay yeni müharibənin başlanmasına bəhanə ola bilərmi? 

Qaynarinfo-nun bu istiqamətdə suallarını politoloq Cümşüd Nuriyev cavablandırır. 

- Bu hücumun arxasında İran rejiminə müxalif olan silahlı birləşmələr dayanır. İranda hərbi hissələrin vurulmasında İsrailin əli yoxdur. Baş verən bu olayın arxasında İranın dini rejiminə müxalif olan hərbləşdirilmiş qüvvələr var. İran mənbələrinin verdiyi məlumata görə, xaricdə, əsasən də İraqda fəaliyyət göstərən "İran Azadlıq Qüvvələri” adlı silahlı birləşmələr bu hadisəni törədib. Artıq onlar İranın içərisinə daxil olaraq, ölkəni içindən dağıdır. Çünki uzaq məsafədən PUA-larla İranı vurmaq mümkün deyil. Bu hadisə onu göstərir ki, İran daxildən dağılır. 44 günə Ermənistan çökdü, 44 illik tarixi fonunda İranın molla rejimi də çökəcək. 

- Baş verən hadisə bölgədə geniş miqyaslı müharibənin alovlanmasına rəvac verməyəcək ki? 

- Belə bir ehtimal yoxdur. İran PUA-ların öhdəsindən belə gələ bilmir. Odur ki, Tehranın genişmiqyaslı savaşa girə biləcəyinə inanmıram.

- İran tərəfi hələlik hadisəyə konkret reaksiya vermir, bir növ susur. Sizcə, niyə

- Tehran müxalif silahlı dəstənin öhdəsindən gələ bilmir. Həmin müxalif dəstələr Cəlalinin başçılığı ilə əsasən İraqda cəmləşib. Onlar əsasən təbrizlilər, qaşqaylılar, beluclar və kürdlərdən ibarət hərbiləşmiş dəstələrdir. Hadisə göstərir ki, onlar yenidən aktivləşiblər. Görünən odur ki, ABŞ bu yolla İranı çökdürməyə çalışır. PUA-ları da onlara kimsə verir.

-Yaranmış vəziyyətdə İran vətəndaş müharibəsinə sürüklənə bilərmi?

- Belə variantı istisna etmirəm. Artıq ölkə daxilində vətəndaş müharibəsinin alovlanması üçün bütün parametrlər yetişib. Dünya hazırda İranı blokadaya alıb. İran təcrid olunur. Ona görə də, İranda inqilab yetişib. Yaxın bir-iki aya İran rejimi tam çökəcək. 

- Bəzi ekspertlər iddia edir ki, İranın hərbi zavodlarının vurulması Tehranın Rusiyaya PUA-lar və raketlər verməsinə cavabdır. Bu versiyaya münasibətiniz?
 
- Belə versiyalar diqqəti yayındırmaq üçündür. İranın hava hücumundan müdafiə sistemləri var. Həmin dronlar başqa ölkənin ərazisindən atılsaydı, İran çoxdan hay-küy salıb, bütün dünyaya car çəkərdi. Daxildə baş verdiyinə görədir ki, Tehran bu istiqamətdə heç nə edə bilmir. İraqla sərhəddə əsasən kürdlər yaşayır. Oradan İrana daxil olub, obyektləri vurub, geri qayıtmaq çox rahatdır. Bu işləri görənlər hərbi müxalifətdir. 

-  Vurulan hərbi obyektlərin bir hissəsi Cənubi Azərbaycan ərazisində yerləşən obyektlərdir. Nədən zərbələr əsasən məhz bu obyektlərə tuşlanıb? 

-  Fars rejimi həmin hərbi obyektləri ona görə Cənubi Azərbaycan ərazisində yerləşdirib ki, mümkün zərbələr endiriləndə türklər qırılsın. Bu da farsların xislətindən doğur. Digər baxımdan, işçi qüvvəsi, ağıllı adamlar əsasən türklərdən ibarətdir. Farslar ancaq alverlə məşğuldur. 

- Tehran hələlik hadisəyə görə, heç kimi günahlandırmayıb. Bəzi ərəb kanallarının İsraili günahkar saymasını çıxmaq istisna etmək şərtilə, Qərb mediası da bu barədə yazmır. Bu fonda Tehran baş vermiş hadisəni Azərbaycan və Türkiyəninin üzərinə ata bilərmi? 

-  Bu, mümkün deyil. Hər hansı bir dövlətin ərazisindən adicə quşlar qalxanda, başqa dövlətin ərazisindəki radar sistemi onu görür. Azərbaycan və Türkiyədən hansısa bir PUA-nın qalxması və onu İranın qeyd edə bilməməsi mümkünsüzdür. İsrail də açıq şəkildə hələ ki, İran ərazisinə bir güllə atmayıb. Çünki bu müharibə demək olardı. İsrailin indiki baş naziri Netanyahu İranı özünə düşmən hesab edir. Buna baxmayaraq, hələlik İsrail İrana qarşı hərbi müdaxiləyə əl atmır. Gələcəkdə isə belə variant baş verə bilər.

- İrandakı Azərbaycan səfirliyinin bağlanmasına münasibətiniz necədir? 

- Bu, ən düzgün addım idi. İran 1961-ci il Vyana konvensiyasına əməl etmədiyini bir daha əyani şəkildə göstərdi. Tehrandakı Azərbaycan səfirliyinin bağlanması İranın diplomatik uğursuzluğu anlamına gəlir.

Rüfət Sultan