Xəbər lenti

İdman 11:27 24.11.2023

Dani Alveşə istənilən həbs cəzasının müddəti açıqlandı

Braziliyalı futbolçu Dani Alveşə istənilən həbs cəzasının müddəti bəlli olub.

Qaynarinfo-nun məlumatına görə, prokurorluq İspaniyanın Barselona şəhərindəki əyləncə mərkəzində bir qadına qarşı cinsi təcavüzdə ittiham olunan və yanvarın 20-dən həbs edilən "sambaçı"ya 9 il həbs cəzası istəyib. Hadisə ilə bağlı alınan ifadələr və ekspertiza rəyindən sonra kifayət qədər dəlil toplayaraq işi açan Barselona məhkəməsi prokurorluğu braziliyalı futbolçuya cinsi təcavüzə görə 9 il həbs və 150 ​​min avro təzminat tələb edib. Prokurorluq həmçinin Alveşin cəzasını başa vurduqdan sonra 10 il müddətində məhkəmə nəzarəti altında saxlanmasını və sözügedən qadının yaşadığı yerdən ən azı bir kilometr aralıda olmasını təmin etmək üçün tədbirlərin görülməsini istəyib.

2022-ci il dekabrın 30-na keçən gecə Barselonada bir diskotekada 23 yaşlı qadına cinsi təcavüz etməkdə günahlandırılan Alveş yanvarın 20-də Meksikadan Barselonaya gəldikdən sonra həbs edilib. İfadəsini üç dəfə dəyişdirən, son olaraq xəyanətini gizlətmək və cinsi əlaqəni qəbul edərək həyat yoldaşını qorumaq üçün ilk ifadələrində yalan danışdığını bildirən 39 yaşlı müdafiəçi yanvarda təhlükəsizlik səbəbilə "Brains 1" həbsxanasından "Brains 2"yə köçürülüb.

Alveşin model həyat yoldaşı Joana Sanz da cinsi təcavüz iddialarından sonra braziliyalı futbolçudan ayrıldığını açıqlayıb.

Karyerasında "Sevilya”, "Barselona”, "Yuventus”, PSJ, "Sao Paulo”da çıxış edən Alveş hadisələrdən sonra sonuncu dəfə oynadığı Meksika klubu UNAM-la da müqaviləsi ləğv edilmişdi. 

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->