İdman 13:10 26.03.2024

Di Marianın ailəsi bu sözlərə görə ölümlə hədələndi

2010-2014-cü illərdə "Real"ın formasını geyinmiş Anxel Di Mariyanın ailəsi ölümlə hədələnib.

Qaynarinfo-nun məlumatına görə,  karyerasını 2005-ci ildə başladığı "Rosario Central"da bitirmək istədiyini etiraf etdikdən sonra argentinalı futbolçu hədə-qorxu mesajları almağa başlayıb. Hazırda "Benfika”da çıxış edən 36 yaşlı Di Mariyanın Rosario şəhərinin kənarındakı evi təhlükə altındadır.  

Aldığı təhdid mesajlarından birində "Anhelə Rosarioya qayıtmamasını söylə, çünki əks halda ailə üzvünü öldürərək onu məhv edəcəyik. Hətta Pullaro da sizi xilas etməyəcək. Biz kiçik kağızlar atmırıq. Qurğuşun və ölü adamları atırıq" - sözləri yazılıb.

Yerli mediada yayılan xəbərə görə, bir avtomobil sürücüsü Di Mariyanın adətən qaldığı özəl "Funes Hills Miraflores" binasının qarşısında işarə qoyaraq ona xəbərdarlıq edib.  Hətta əyalət qubernatoru Maksimiliano Pullaro şəhərə qayıtsa belə onun təhlükəsizliyinə zəmanət verə bilməyəcəyi şəklində futbolçuya xəbərdarlıq edildiyi bildirilir. 

Binanın təhlükəsizlik şöbəsindən "Renault Megane" markalı avtomobildən binanın qarşısına qara neylon paket atılıb, nəqliyyat vasitəsi oradan uzaqlaşdıqdan sonra dörd partlayış səsi eşidildiyi bildirilib. Son vaxtlar Rosario şəhərində şiddətli zorakılıqların artdığı və buna görə narkoterrorçu qrupların məsuliyyət daşıdığı bildirilib. Bu səbəbdən hökumət müdaxilə etmək məcburiyyətində qalıb. 

Təhdidlərdən sonra "Rosario Central" rəsmi bəyanatla çıxış edərək Di Mariyaya qarşı olanları pisləyib və bununla bağlı hökümət tərəfindən tədbirlər görülməsinə çağırıb.

"Rosario Central", "Real", "Mançester Yunayted", PSJ və "Yuventus"un keçmiş vingeri Argentina millisində çıxışını davam etdirir.

Səbuhi Həsənov