İdman 15:35 12.10.2023

Ələkbərov: “Alesio Azərbaycanda futzalı öldürdü"

Futzal üzrə millimiz ötən gün DÇ-2024-ün elit raundunda növbəti matçını keçirdi. Səfərdə Qazaxıstan millisinin qonağı olan Vitali Borisovun rəhbərlik etdiyi komanda 2:3 hesabı ilə məğlub oldu. Sözügedən mərhələdə Qazaxıstanla baş tutan ilk matç da millimizin məğlubiyyəti ilə bitmişdi - 2:4. İki oyunda Qazaxıstanı məğlub etməyi bacarmayan komandamız elit-raundun başlanğıcında Rumıniyaya da uduzmuşdu - 1:3. Bu yarışda hələlik isə bir qələbəmiz var. Niderland yığmasını 6:1 hesablı məğlubiyyətə uğratmışıq. 

Azərbaycanın tanınmış futzal mütəxəssislərindən olan Elman Ələkbərov millinin oyunları ilə bağlı düşüncələrini bölüşüb. O, Qaynarinfo-ya açıqlamasında çatışmazlıqları qabardıb, məğlubiyyətin səbəblərini izah edib:

"Hələlik durum ağırdır. Bütün bunların günahkarı da Jose Alesio olub (millinin sabiq çalışdırıcısı -M.). Baxın, millidə cəmi 4-5 nəfər yerli futzalçı oynayır. Həmçinin Qazaxıstan millisi, bu ölkənin klubları da güclüdür. Bizimkilər nə yaxşı, nə də pis oynayırlar. Ölkədə futzalçı problemi var. Alesio Azərbaycanda futzalı öldürdü. Bu ən azı bir neçə il davam edəcək. Mən Vitali Borisovu anlayıram. Komandanı qəfildən dəyişə, qısa müddətdə heç nə verə bilməz. Zaman da az idi. Çünki cəmi bir ay yarımdır işləyir. Üstəlik bizdə eyni səviyyədə oynayan səkkiz futzalçı da yoxdur. Bir futzalçı ən azı digərinin oyununu davam etdirməlidir. Bu da yoxdur, Vitali nə etsin? Qazaxıstan Portuqaliya və İspanlarla da oynaya bilər. Çünki çox güclüdürlər. Komandanın bu səviyyəyə gəlməsində Kaka əsas rol oynayıb. Yerli oyunçulara üstünlük verirdilər. İndi qazaxlar braziliyalılarla başabaş oynaya bilirlər. Harda ötürmə etmək və ya zərbə vurmaq lazım olduğunu yaxşı bilirlər. 

Ələkbərov bütün bunların günahkarının Alesio olduğunu bildirib:

"Mən Alesionu günahlandırıram. Fikir bildirəndə, onu çoxdan yola salmaq lazım olduğunu deyəndə əksəriyyət gülürdü. Məsələn, Qazaxıstanın himni səslənəndə onların braziliyalıları oxuyur. Amma bizim legionerlər oxumur. Hər şey burdan başlayır. Düzdür, onlar Qazaxıstanda 6-7 il yaşayıblar. Bizim də elə legionerlərimiz vardı ki, uzun müddət ölkəmizdə yaşamışdılar. Qısası oyuna baxdım, bir az dilxor oldum. Səhvləri görürəm, sadəcə, demək istəmirəm. Əslində Vitali də bilir. 2:1-dən sonra millimiz müdafiədən oynamağa başladı ki, bu da böyük səhv idi. Amma qazaxlar hesab 3:2 olduqdan sonra pressinq tətbiq edib, bizimkilərə oynamağa imkan vermədilər. Çatışmazlıqlardan biri də bu idi. Nəyisə dəyişə bilmək üçün oyunçu yox idi. Düzdür, gəncləri meydana buraxmaq böyük riskdir. Vitali üçün də problem ola bilər. Gənc futbolçuları yoldaşlıq matçlarında meydana buraxmaq lazım idi ki, o vaxt Alesio bunu etmirdi. Yoldaşlıq oyununda belə yerlilərə şans vermirdi”.

Mütəxəssis millinin elit-raunddakı şanslarını dəyərləndirib:

"Rumınları məğlub etmək lazımdır. Çox çətindir, amma ikinci yeri tutmaq mümkündür. Bunun üçün də xeyli qol vurmaq lazımdır. Çünki xallar bərabər olsa, qol sayına baxılacaq. Rumınlar zəif deyil, Qazaxıstanla heç-heçə də oynaya bilər”.

Səbuhi Həsənov