İdman 15:44 23.11.2022

Fransa millisində daha bir itki

Fransa millisi daha bir futbolçusunu itirib.
 
Qaynarinfo xəbər verir ki, dünya çempionatının D qrupunda Avstraliya ilə oyununda zədələnən komandanın üzvü Lukas Hernandes zədəsi səbəbindən növbəti oyunlarda işirak edə bilməyəcək. Fransa Futbol Federasiyasından verilən açıqlamada 4-1 qalib gəldikləri Avstraliya matçında sağ dizinin ön çarpaz bağı yırtılan müdafiəçi üçün turnirin qapandığı qeyd edilib.

"Bavariya"nın futbolçusu Avstraliyanın 9-cu dəqiqədə vurduğu qolun ötürməsini verən Metyu Leki ilə mübarizədən sonra zədələnib. Qarşılaşmaya davam edə bilməyən və meydanı göz yaşları içində tərk edən müdafiəçini qardaşı Teo əvəzləyib.

Didye Deşamın rəhbərlik etdiyi komandada Pol Poqba, Nqolo Kante, Presnel Kimpembe, Kristofer Nkunku və "Qızıl top"a layiq görülmüş hücumçu Kərim Benzema da zədə səbəbindən heyətdən kənarda qalıb.

D qrupunda yer alan Fransa şənbə günü Danimarka ilə qarşılaşacaq.
 
Səbuhi Həsənov