Xəbər lenti

İdman 16:46 01.03.2024

Həmzəzadə Birinci Liqada da “oyun” çıxarıb - Beşoyunluq cəza alan məşqçidən narazılıq

Birinci Liqanın 15-ci turunda baş tutan MOİK - "Qaradağ Lökbatan” görüşü gərginlik fonunda 2:2 hesabı ilə yekunlaşıb. Qalmaqalsız ötüşməyən qarşılaşmada MOİK-in məşqçisi Orxan Səfiyarov qırmızı vərəqə ilə cəzalandırılıb. Bununla yanaşı "Hərbçilərin” bir futbolçusu, Nazim Məmədzadə də meydandan qovulub.
 
Oyundan sonra AFFA-nın İntizam Komitəsi məşqçiyə hakimi təhqir etməsi əsası ilə beş, futbolçuya isə qeyri-etik ifadəsinə görə üç oyunluq cəza verib. Digər tərəfdən MOİK məşqçisinin və futbolçusunun hərəkətinə görə 600 manat məbləğində (400, 200) cərimələnib. Həmin oyunun baş hakimi isə Rəvan Həmzəzadə olub. Hansı ki, Azərbaycan Premyer Liqasının 24-cü turunda keçirilən "Kəpəz” - "Qəbələ” görüşündə də Həmzəzadə qüsurlu idarəçiliyi ilə yadda qalmış və bəzi qərarları ciddi müzakirələrə səbəb olmuşdu… 

Həm cəzası, həm də narazılığının səbəbini Qaynarinfo-ya bildirən Səfiyarov qarşılaşmanın belə tonda keçməsində məhz Həmzəzadənin də rolunun olduğunu qeyd edib:

"Həmin vaxt çox əsəbi idim. Hakimləri təhqir etmirdim, sadəcə, üzümü tribunaya çevirib özlüyümdə söyüş söydüm. Dördüncü hakim Vüqar Həsənli də elə bildi ki, hakimləri söyürəm. Həmzəzadəni çağırıb mənə qırmızı vərəqə göstərməsini istədi. İnanın, heç Rəvan da məndən bunu gözləmirdi, qərarsız qalmışdı, sadəcə Vüqarın tələbindən sonra qırmızı vərəqə göstərmək məcburiyyətində qaldı. Oyundan sonra Həmzəzadə ilə danışdım və onu təhqir etmək fikrim olmadığını dedim. Aramızda problem yoxdur. Vüqarın da üstünə çox getmədim, çünki bir-birimizi uşaqlıqdan tanıyırıq. Ancaq ümumilikdə hakim qərarları çox səhv idi. İkinci hissədə rəqib komandann futbolçusu Xəyal Tomarov cərimə meydançası daxilində əllə oynamışdı, ancaq penalti qərarı çıxarılmadı. Onun topa əllə reaksiya verdiyini hamı gördü. Çox səhv qərar idi, hətta Yutubda da var. Biz həmin məqamı açıb-ağartmaq istəsək də, sonradan fikrimizdən vaz keçdik. Məhz həmin vaxt qırmızı vərəqə gördüm, çünki əsəblərim tab gətirmədi, söyüş söydüm. Amma bunu edərkən hakimə tərəf baxmadım, üzümü tribunaya tərəf çevirib əlimdəki suqabını yerə çırpdım. Onlar da elə bildi ki, hakimləri təhqir edirəm. Cəza ilə bağlı protokola heç nə yazmadıq. "Qaradağ Lökbatan”la oyunda futbolçularımızın əziyyətinə heyifim gəldi. Əsəbiləşməyimin səbəbi də bu idi. Tribunadan azarkeşlər də gördü ki, MOİK həmin oyunda "Qaradağ Lökbatan”dan üstün idi. Amma hakim əziyyətimizi yerə vurdu. Penalti vermədi, halbuki orada cərimə olduğunu yaxşı görürdü və arada cəmi dörd-beş metr məsafə vardı. Ancaq onların əcnəbi futbolçusu bizim cərimə meydançamızda özünü bilərəkdən yerə atsa da, bu, penalti kimi qiymətləndirildi. Heç kim barəsində pis danışmaq istəmirəm. Ancaq nə yalan deyim, həmin oyunda rəqibə daha çox simpatiya var idi”.

MOİK-in futbolçusu Nazim Məmmədzadənin hansı səbəbdən qeyri-etik ifadələr işlədib, nəticədə qırmızı vərəqə ilə meydan qovulmasının səbəbi haqda sualı məşqçi belə cavablandırıb:

"Nazim də həmin epizoda görə əsəbiləşmişdi. Mən qırmızı vərəqə alıb tribunaya qalxandan sonra gördüm ki, onu da cəzalandırdılar. Mənə deyilənə görə, həmin vaxt dördüncü hakim söyüş söydüyü üçün Nazim də ona reaksiya verib. Nədənsə çempionatda MOİK-ə qarşı antipatiya hiss edirik. Çox oyunlarda başımıza belə şeylər gətirilir. Mən klubda cəmi iki ildir çalışıram, bəlkə əvvəllər MOİK-lə PFL arasında nələrsə olub deyə, bunlar bizə qarşı belə edirlər. Ümumiyyətlə, indiki, gənc hakimlərin heç birinin idarəçiliyini bəyənmirəm. Barış Şimşəkin gətirdiyi hakimlərin hamısı problemlidir, əsas da gənclər. Elə bilirlər, cavan hakim gətirəndə yaxşı olur. Onlar futbol oynamağı və hakimliyi səhv salırlar. Futbolçu 19-20 yaşında peşəkar, istedadlı, gələcək vəd edən ola bilər. Amma hakimlik belə deyil, onların öyrənəcəyi çox şey var”. 

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->