Xəbər lenti

İdman 09:00 24.05.2022

İB prezidenti: “600-800 manat “Mingəçevir” üçün yaxşı məbləğdir”

Növbəti mövsümdən Mingəçevir şəhəri də Birinci Divizionda təmsil olunacaq. Ancaq komanda əvvəlki kimi "Eneregetik” olaraq deyil, yeni, elə şəhərin öz adı ilə mübarizəyə qoşulacaq. Artıq Birinci Divizionda mövsüm bitdiyi üçün yeni planlar cızılmağa başlayıb. Bəs "Mingəçevir”də son durum necədir? Stadion nə dərəcədə hazırdır və komanda hansı şəkildə formalaşdırılacaq?
 
Bu suallara cavabı Şimal-Qərb Regional Futbol Federasiyası İctimai Birliyinin prezidenti, hazırda hakim-inspektor kimi fəaliyyət göstərən Rövşən Əhmədovdan aldıq. Mingəçevirli futbol adamı sponsor məsələlərinə də toxundu.
 
- "Mingəçevir” Birinci Divizionda oynayacaq, bu qərar sizin üçün nə dərəcədə gözlənilən idi?
 
- "Mingəçevir” futbol klubunun Birinci Divizionda oynamasını elə ən birinci istəyənlər biz idik. Sağ olsun AFFA rəhbərliyi, Elxan Məmmədov Mingəçevirə gələndə bölgənin futbol ictimaiyyəti ilə görüşdü. Onunla görüşənlər, Mingəçevir təmsilçisinin də Birinci Divizionda olmasını istədi. O, da bu fikirlərə müsbət yanaşdı. Bu şəhər futbolla yaşayır. Yəqin ki, görmüsünüz, Region Liqasında oyunlara 4000-dən çox adam gəlirdi. Bunun da böyük rolu oldu. "Energetik”in rəhbərliyi və bir sıra adamlar xahiş etdi. Müraciətlər yaxşı qarşılandı. Şükür ki, bu bölgənin klubu Birinci Divizionda 2022/2023 mövsümündən çıxış edəcək. 
 
- Komandanın adının dəyişdirilməsinin, "Energetik”in tarixə qovuşmasının hansısa müsbət və ya mənfi təsirləri ola bilər?
 
- "Mingəçevir” elə "Energetik” futbol klubunun bazasında yaranıb. Təsisçi Şimal-Qərb Regional Futbol Federasiyası İctimai Birliyidir. Hansı ki, oranın prezidenti mənəm. Müsbət qarşılandı. Düzdür, komandanın adını "Kür-Nur” etmək istəyirdik. Amma məlum səbəblər üzündən olmadı. Deyilənə görə "Kür-Nur”un 2000-ci illərdə böyük məbləğdə borcu qalıb. "Eneregetik” adının davam etdirilməməsinin səbəbi isə əvvəlki sponsorun - "Azərenerji”nin komandaya daha dəstək verməməsi ilə bağlıdır. Klubun rəhbəri Ruslan Həmidov da açıqlama vermişdi ki, "Azərenerji” dəstək göstərmirsə, niyə komanda "Energetik” adı ilə oynamalıdır? Bir tərəfdən baxanda, düzgün fikirdir. Ona görə də komandanın adını "Mingəçevir” qoymaq qərarına gəldik. Lakin heyətin 70-80 faizi də məhz "Energetik”in üzvlərindən təşkil olunacaq. Yəni, təkcə futbolçular deyil, məşqçilər və idarə heyətindən də bəziləri orada təmsil olunacaq.
 
- Sponsor məsələləri necə tənzimlənəcək? 
 
- Yəqin ki, maliyyələşmə birbaşa AFFA tərəfindən təşkil olunacaq. Bir də Futbolun İnkişaf Fondu (FİF) var. Bilirsiniz ki, fondun fəaliyyəti hələlik əsasən 5 bölgəyə, Mingəçevir, Gəncə, Tovuz, Lənkəran və Zaqatalaya yönəldilib. FİF-in icraçı direktoru Tural Piriyev Mingəçevirdə olub, onunla görüşmüşük. O dedi ki, öncə Premyer Liqaya çıxan komandalara diqqət yönəldiləcək. 4-5 aydan sonra FİF-in bizə də yaxından dəstəyi gözlənilir. Mingəçevirdə müəyyən iş adamları var ki, əvvəl "Energetik”in yaşaması üçün maliyyə dəstəyi göstəriblər. Müxtəlif şirkətlər, şəxslər, Mingəçevir bələdiyyəsi də kömək edib. Onlar yenə də dəstəklərini davam etdirəcəklər və idarə heyətində təmsil olunacaqlar. 
 
- Futbolun İnkişaf Fondunun yaradılmasında məqsəd ianələrin toplanması və bunun vasitəsilə bölgələrdəki klublara yardım olunmasıdır. Mingəçevirdə bu ideyaya necə baxırlar? Azarkeşlər, oradakı insanlar belə bir dəstəyə hazırdır?
 
- Mingəçevirdə adamlar var ki, buna müsbət baxırlar. Futbol şəhəridir, belə başa düşürəm ki, insanlar kluba ianələr edəcəklər. Bizə də deyiblər ki, köməklik göstərəcəklər. Birinci Divizionda futbol klubunun saxlanamsı ilə bağlı vəziyyətin necə olduğunu hamı bilir. Biri var futbolçu pulsuz oynaya. Biri də var, 600-800 manat maaş alsınlar. Bu, "Mingəçevir” üçün yaxşı məbləğdir. Futbolçular qane olub oynayarlar. 
 
- Klubun Birinci Divizondakı potensialı ilə bağlı nə düşünürsünüz? Komanda hansı səviyyədə güclənəcək?
 
- Danışıqlar gedir, yaxın günlərdə məşqçilər korpusunu müəyyənləşdirəcəyik. Belə başa düşürəm ki, sıradan komanda olmayacaq. Yəqin ki, ilk və daha sonrakı mövsümlərdə fikrimiz Premyer Liqaya yüksəlmək olacaq. Düzdür, bunun üçün böyük maliyyə lazımdır. Ancaq hər komandanın qarşısında bir məqsədi, vəzifəsi olmalıdır. Biz də məşqçilər korpusunun qarşısına bu məqsədi qoyacağıq. Komandanı daha iddialı etmək niyyətimiz var. Niyə də olmasın? "Energetik” Region Liqasında qələbə qazanırdı, oyunlarına da çox adam gəlirdi. Amma Mingəçevir elə bir yerdir ki, komandası Birinci Divizionda uduzsa, heç 10 nəfər də gəlməyəcək. Çünki bu şəhərin azarkeşləri futbolu çox sevir və nəticələrə köklənir. Yəqin ki, klubu yaradan insanlar Birinci Divizionda ona yaxşı baxacaq. Bir daha təşəkkür edirəm ki, klubun yaranması və Birinci Diviziona çıxması şəhər üçün böyük hədiyyə oldu. 
 
- Stadionla bağlı vəziyyət nə yerdədir?
 
- Hazırda stadiondan gəlirik. Şəhər İcra Hakimiyyətinin başçısı oranı nəzarətə götürüb. Şəhərin bələdiyyəsinin birbaşa maliyyə dəstəyi ilə təmir-tikinti qrupları ayrılıb. Təmir işləri gedir. Tribunalarla bağlı, şəhərimizin icra başçısı gənclər və idman naziri Fərid Qayıbovla danışıb. Fərid müəllim oturacaqların təmirində, tribunaların izolyasiyasında, hətta daha çox məsələlərdə köməklik göstərəcəyini deyib. Çox sağ olsun ki, Mingəçevirə dəstək verir.
 
- Bəs stadionun ot örtüyü ilə bağlı nə gözlənilir?
 
- Meydançamız çayırdır. Hazırda vəziyyəti 5 bal sistemi ilə qiymətləndirsək, yaxşıdır, 4 vermək olar. Bir aydan sonra daha yaxşı olacaq. Amma qışda, soyuqlar düşəndə problem yaranır. Elxan Məmmədov bizimlə görüşəndə bildirdi ki, əsas meydança təbii ot örtüyü olacaq. Əlavə olaraq bir dənə də tam standartlara uyğun süni örtüklü meydança salınacaq. Tovuzda işlər bitən kimi Mingəçevirə gələcəklər. Hansı ki, süni örtüklü meydançada uşaq liqalarının oyunları, onların məşqləri keçiriləcək. Əsas yük süni örtüklü meydançaya düşəcək. Çempionata hazırkı meydançada başlayacağıq. Gələcəkdə də çox güman, ot örtüyü dəyişdiriləcək. Başa düşürəm, təbii meydançanı saxlamaq xərc tələb edir. Qəbələdə, Gəncədə, çox oyunlara hakim-inspektor kimi gedəndə görürəm ki, belə meydançaya böyük xərc tələb olunur. Buna da çarə tapılar. Mingəçevirdə su ilə bağlı problem yoxdur. Hər halda baxılması üçün rəhbərlik nəsə fikirləşəcək. 
 
- "Mingəçevir”in Birinci Divizionda iddialı olacağını bildirdiniz. Amma Azərbaycanda bu çempionat çox qarışıq liqadır. Üstəlik Premyer Liqaya çıxmaq reqlamentə əsasən deyil, AFFA-nın qərarından asılıdır. Bu mənada hansısa narahatlıqlarınız varmı? 
 
- Heç bir narahatlıq keçirmirik. Klubumuz birbaşa AFFA-nın istəyi ilə yaradılıb. Mingəçevir komandaları həmişə yaxşı çıxış edib. Şəraitimiz, maliyyəmiz imkan versə, Premyer Liqada da oynayacağıq. Hər yaşda futbol qruplarımız var. Yəni, futbolçu ehtiyatı ilə bağlı problemimiz yoxdur. Əsas məsələ maliyyə dəstəyidir. AFFA məsləhət görsə, Premyer Liqada çıxış edəcəyik. Çünki böyük maliyyə, ən azı milyon yarım pul lazımdır. 
 
- Məşqçilər korpusu nə zaman müəyyənləşəcək?
 
- Haradasa iyunun əvvəlində baş məşqçi məsələsi həllini tapacaq. Köməkçilər də Mingəçevirdən olacaq. "Turan Tovuz”da, "Zaqatala”da, "Səbail”də futbolçularımız var. Klubları ilə müqavilələri var, ancaq onlarla danışıqlarımız olub. Eyni məvacibi evlərinin içində almaları, məncə, onlar üçün daha sərfəlidir. O uşaqlarla danışıqlarımız olub, yəqin ki, gəlib öz şəhərimizdə oynayacaqlar. "Qəbələ” Futbol Klubunun rəhbərliyi ilə də danışımışıq. Komandamıza yaxından köməklik göstərəcəklərinə söz veriblər. 
 
Səbuhi Həsənov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?