Xəbər lenti

İdman 13:07 20.01.2024

"Messi bu mükafata layiq deyildi" -  Azərbaycanlı mütəxəssislərin "The Best"ə baxışı...

Lionel Messinin FIFA-nın "The Best” mükafatına layiq görülməsi birmənalı qarşılanmadı. Hətta bu dünya futbol ictimaiyyətini iki yerə böldü desək yalan olmaz. Yəni, bu il Messinin həmin mükafata layiq olduğunu deyənlər varsa, olmadığı fikrini müdafiə edənlərin də sayı az deyil. 

Qısası, bu seçim bir çox mübahisələrə yol açdı. Bunun əsas səbəblərindən biri də seçimlər zamanı argentinalı superulduzun "Mançester Siti”nin norveçli hücumçusu Erlinq Halandla eyni xal toplaması, yalnız milli komandaların kapitanlarının səs çoxluğu səbəbindən Messinin daha önə çıxarılması oldu. 

Bəs Azərbaycanın tanınmış veteran futbolçuları və ya məşqçiləri nə düşünürlər?

Qaynarinfo-ya fikirlərini bölüşən məşhurlar bunları deyib:

Ceyhun Sultanov
 


"Açığı, bu il Messinin o mükafata layiq olduğunu düşünmürəm. Başqasını da seçə bilərdilər. İstər Mbappe, istər Ronaldo olsun. Ronaldo bu gün yaşına baxmayaraq, yaxşı oyun sərgiləyir. Messini nəyə görə seçdiklərini anlamıram. Bəlkə də dünya çempionu olduğuna görə üstünlük ona verildi. Düzdür, Halandı Ronaldo, Messi səviyyəsində futbolçu hesab etmirəm. Mbappe Halanddan daha güclüdür. Lakin seçki elə bir şeydir ki, sonradan nəyisə dəyişə bilməzsən. Mənə görə Messi bu mükafata layiq deyildi”.

Rəşad Abdullayev
 


"Özüm Messi fanatıyam. Həmişə "Barselona”nı izləmişəm. Onun dünya futbolu üçün etdikləri göz qabağındadır. "İnter Mayami”də göstərdiyi oyun, Argentina ilə dünya çempionu olması istər-istəməz təsir etdi. Mənə görə, Messi layiq idi. Düzdür Haland keçən il özünü yaxşı göstərdi. Amma lider deyil. Böyük oyunların kiçik oyunçusu kimi görünür. Asılı futbolçudur. Lakin "Mançester Siti” kimi komandada oynayır, Çempionlar Liqasını qazanıb. Mütəxəssislər Messiyə səs veribsə… Şəxsi fikirlər var. İllərdir Messi və Ronaldo arasında tendensiya davam edir, mükafatlar paylanır. Bu il Halandı mükafatlandırmaq olardı. Yəqin ki, sırf keçmişdəki uğurlarına görə Messini ən yaxşı seçiblər. Şəxsən, bəyəndim oyunçu kimi Messini seçərdim.
 
Amma Halandın da haqqı var idi. Mbappe Fransa millisində daha yaxşı oynayır, nəinki PSJ-də. Üstəlik komandanın da ciddi nailiyyəti yoxdur. Məsələn, Mbappe "Real”da oynasa və həmin nəticələri qazansaydı, mükafat mütləq ona verilərdi. Yadımızdadır, o vaxt Fabio Kannavaro mükafat qazanmışdı. Amma futbolda belə seçimlərdə hansısa müafiəçinin qalib olduğu hallara çox az rast gəlinir. Messi, Ronaldo mənim üçün etalondur. Çünki illərboyu bu tempi saxlamaq çətindir. Bir neçə ildən sonra məsələn, Halandın necə oynayacağını bilmirik. 15 il ərzində Messi və Ronaldo bütün titulları əlində saxlayıb.
 
Messiyə o titulu veriblərsə, bunu da pis qarşılamıram. Əlbəttə, Ronaldoya da mükafat vermək mümkün idi. Çünki Səudiyyə Ərəbistanına transfer olduqdan sonra həmin çempionata maraq artdı. Adam tam bir xarizmadır. Yaşından asılı olmayaraq stabil oynayır. Hətta öz futbolçularıma sırf işgüzarlığına görə onu nümunə göstərirəm. Adam bir dəqiqə dayanmır. Yaxşı idmançı hər an özünü sübut etməlidir. Bu səbəbdən Ronaldoya da mükafat verilsə, çox adam, mən də daxil bunu yaxşı qarşılayardıq. Belə futbolçulardan yaxın illərdə yenə ola biləcəyinə inanmıram. 2-3 il kimsə görünə bilər. Amma bu qədər uzun müddət stabilliyi kimisə göstərəcəyi inandırıcı deyil. Messinin dünya çempionatında çox əziyyət çəkdiyini gördük. Amerikada da ona azarkeşlik edənlər çoxdur. Rəqabət baxımından isə hər ikisinə - həm Ronaldo, həm də Messiyə eyni baxıram. Hətta düşünürəm ki, Ronaldo kimi başqa işgüzar futbolçu yoxdur”.

Vidadi Rzayev
 


"Həmişə demişəm, Ronaldo mənim üçün Messidən daha yaxşı futbolçudur. O cümlədən, Mbappe və Haland. Çünki Ronaldo oynadığı bütün klublarda nəticə verdi. Liderlik keyfiyyətini, bombardirlik xüsusiyyətini göstərdi. "Sportinq”dən "Mançester Yunayted”ə keçdi, lider oldu. Sonradan "Real”da, "Yuventus”da eyni şəkildə çıxış etdi. "Mançester Yunayted”ə qayıdışı o qədər uğurlu alınmasa da, hazırda Səudiyyə Ərəbistanında yenə lider keyfiyyətlərini, qol duyumunu göstərir. Həmişə demişəm, Messini "Barselona”dan başqa bir kluba transfer etsən, görünməyəcək. Çünki Xavi, İnyesta yoxdur. Baxın, getdi PSJ-yə, bacarmadı. Həmçinin "Barselona”da göstərdiyi oyunu Argentina millisində göstərə bilmirdi. Keyfiyyətli futbolçudur, amma o tandem yoxdur. Məncə, Ronaldo, Haland və ya Mbappe seçilməli idi.
 
Bəlkə də karyerasının sonuna yaxınlaşır deyə, Messini yaxşı yola salmaq istəyirlər. Lakin, məsələn, köhnə futbolçulardan Maradonanı Messidən üstün sayırdım. İndi Mbappe, Haland kimi yaxşı futbolçular yetişir, yeni nəsil gəlir. Futbol elədir ki, kimlərisə gündəmdə saxlamaq lazımdır. Çünki Messi Ronaldo kayerasını bitirdikdən sonra onlar gələcək. Ona görə də belə futbolçuları diqqətdə saxlamaq lazımdır.
 
Əvvəllər, "Qızıl top”u dünya çempionu olan futbolçulara verirdilər. Yunanıstan 2004-cü ildə Avropa çempionu oldu. Futbolçuları da Avropada ən yaxşı seçildi (Teodoris Zaqorakis-red.). İndi onu heç yadında saxlayan yoxdur. Amma Maradona, Pele, Messi, Ronaldo kimi ulduzlar yadda qalır.  Yəqin ki, o yunanıstanlı oyunçu top-klublarda oynamadığı üçün sonradan unuduldu. Futbolda belə şeylər olur. Ona görə də belə ulduzları daim gündəmdə saxlamaq vacibdir. Messi həqiqətən bu il o mükafata layiq deyildi. Yaxşı klublarda oynayan futbolçulara üstünlük vermək olardı. Messi dünya çempionu olmuşdu, onun üçün bu mükafat kifayət idi (gülür)”.

Azər Bağırov
 


"Bu gün o barədə çox söz demək artıqdır. Mən də istərdim ki, gənc futbolçulara daha çox imkan versinlər. Artıq neçə illərdir, yaşa dolmuş futbolçular ən yaxşı seçilir. Bu gün Avropada o qədər gənc futbolçular var ki… Erlinq Halanda, Kilian Mbappeyə və digərlərinə də üstünlük vermək mümkün idi. Əslində futbolda illər keçdikcə perspektiv vəd edənlərə yol göstərmək, onları motivasiya etmək lazımdır. Mən istəməklə heç nə həll edilmir, amma gənclərə şans yaradılması daha yaxşı olardı”.

Samir Abasov
 


"FIFA-nın hər dəfə belə seçimindən sonra məhlə, çayxana söhbətləri aktuallaşır. Amma sonda məhz belə söhbətlərin düzgün olduğu üzə çıxır. Yəni, kimisə kimə görəsə mükafatlandırırlar. Bir şeyi heç vaxt başa düşməmişəm ki, belə qərarlar çıxarmaqla, öz mənafelərini güdmək bir kənara, futbolçunu hörmətdən salırlar. Açığı, mən iyrəndim və buna o futbolçunu da daxil etdim. Yəni, Messi artıq gözümdən düşdü.
 
"Layiqdir və ya yox” sualına gəlincə, xeyr, layiq deyil. Hətta deyərdim ki, əvvəlki illərdə qazandığı bəzi mükafatlara da layiq deyildi. Hansı ki, Messi "Barselona”da oynayanda o mükafatlar İnyesta və Xaviyə də verilməli idi. Bu şəxsi fikrimdir. Bu il "The Best” mükafatına Halandı layiq görürdüm. Ondan əvvəl Levandovski, İnyesta kimi bu mükafata layiq olan futbolçular var idi. Bilirsiniz necədir, bu gün FIFA-nı bəzi qüvvələr idarə edirlər. Amma bu qədər də olmaz axı. Axır-əvvəl bunun hamısı üzə çıxacaq. Necə ki, indi bir çox söz-söhbətlərin üstü açılır. Bu artıq iyrəndirici hala çatıb. Bir futbolçu "Qızıl Top”u alırsa və buna dünya futbol ictimaiyyətinin yarısı etiraz edirsə, düzgün olmadığını deyirsə, xeyli söz-söhbətlərə səbəb olursa, deməli yetər. Açığı, bunu çox pis qəbul etdim. Düzdür, bunu mənə aidiyyatı yoxdur. Amma futbolun çirkinləşdiyi açıq-aşkar görünür. Messinin seçilməsi müəyyən qüvvələrin təsiri ilə həyata keçdi, başqa bir şey ola bilməz. Qısası, futbol çox çirkinləşib”.

Səbuhi Həsənov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?