Xəbər lenti

İdman 17:48 31.10.2022

Millimizin baş məşqçisi: “...Miloşdan daha çox fayda verərəm”

Gürcüstanın Rustavi şəhərində təlim-məşq toplanışını başa vuran U-18 millimiz qonşu ölkədə iki yoldaşlıq matçı keçirdi. Toplanış çərçivəsində baş tutan ilk görüşdə Aqil Nəbiyevin rəhbərlik etdiyi komanda gürcülərə 2:1 hesabı ilə qalib gəldi. İkinci oyunda isə millimiz eyni hesabla yenildi. 

Nəbiyev Qaynarinfo-ya müsahibəsində həm Gürcüstandakı toplanışla bağlı fikirlərini bildirdi, həm də aşağı yaş qruplarından ibarət komandalarımızın durumu ilə bağlı suallarımızı cavablandırdı.

- Gürcüstandakı toplanışla bağlı fikirlərinizi bölüşmənizi istərdik...

- İki oyun keçirdik. Zədə üzündən bir neçə əsas futbolçumuz yox idi. Rusiya və Almaniyadakı oyunçularımızı da gətirə bilməmişdik. "Neftçi”nin oyunçusu, kapitanımız Rüfət Abbasov klubunun əsas komandasında olduğu üçün düşərgəmizə qoşula bilmədi. Ümumilikdə 7 əsas futbolçumuz yox idi. Digər klublarımızdan futbolçular dəvət etmişdik. Deyərdim ki, ən yaxşı, məni qane edən toplanışlarımızdan birini keçirdik. Məşqlərdə və oyunlarda istədiyimizin 70-80 faizini uşaqlardan ala bildik. Bəlkə də hər dəfə bunu qabartmağım bir qədər düzgün çıxmır. Beynəlxalq təcrübəmiz azdır. İki il ərzində cəmi beş yoldaşlıq görüşü keçirdik. İki dəfə Türkiyə, iki dəfə Gürcüstan, bir dəfə isə Bosniya və Hersoqovina ilə qarşılaşmışıq. Demək olar üç ölkəyə qarşı oynadıq. Keçən il pandemiya mane oldu. Bu il isə bəzi ölkələrdə U-18 yığması olmadığı üçün rəqib tapmaq çətin idi. Bu il cəmi bir toplanışımız qalıb, o da növbəti ayda olacaq. Yığmalardan biri ilə danışmışdıq, amma sıxıntıları oldu və oyun alınmadı. Hazırda AFFA başqa rəqib axtarışındadır. 

Gürcüstan millisində Avropanın bir neçə ölkəsində futbol oynayan oyunçular vardı. Buna baxmayaraq, hər iki oyunda bütün komponentlərdə rəqibi üstələdik. İstər müdafiə, istər hücum anlayışında daha keyfiyyətli oyun göstərdik. Qol şanslarımız oldu. Çatışmayan cəhətlərimizdən biri fürsətlərdən maksimum istifadə edə bilməməyimizdir. Uşaqların ustalıq səviyyəsi buna imkan vermir. Vaxt azlığı olduğu üçün futbolçuları çatışmazlıqlar üzərində fərdi şəkildə çalışdıra bilmirik. Amma bacardığımız qədər vaxt ayırırq. 3-4 gün ərzində onları taktiki cəhətdən hazırlayırıq ki, tələb etdiyimizi verə bilsinlər. Bu uşaqlar bir il 9 aydır ki, bizimlədirlər. Heyətə davamlı dəvət alanlar artıq nə istədiyimizi anlayırlar. 

Daha çox inkişaf edə bilərik. Yaxşı, perspektivli gənclər var. Yoldaşlıq görüşlərinin sayı artarsa, daha çox şeylərə nail ola bilərik. Bu uşaqlar artıq U-19 sayılır, Avropa çempionatına hazırlaşacaqlar. Çox gümana dekabr-yanvar aylarında qrupumuz müəyyənləşəcək. Ümumilikdə toplanışdan razı qaldım. Uşaqların taktiki bacarıqları, xarakteri olmalıdır. Bəziləri deyir ki, Azərbaycanda futbolçu problemi var. Düzdür, say baxımından sıxıntılarımız mövcuddur. Komanda sayı azdır, seçimimiz məhduddur. İstər klub, istər millinin məşqiləri olsun, uşaqları düzgün yönləndirməliyik ki, gələcəkdə onların faydasını görə bilək.

- Hazırda baş məşqçi postu boş olan U-19 millimizin sizə tapşırılacağı ilə bağlı məlumatlar var. AFFA-dan belə bir təklif almısınız?

- Keçən il də U-18-in məşqçisi U-19-a təyin olundu. AFFA ilə müqavilələrimiz ilin sonunda bitəcək. Hələ ki, bu barədə özüm də mətbuatdan oxuyuram. Amma AFFA ilə danışığımız olmayıb. U-17 Avropa çempionatında dünən sonuncu matçını keçirdi. Yəqin ki, yaxın günlərdə bu məsələyə aydınlıq gələcək. U-19-dan kimlərə ehtiyac olacaqsa, U-21-ə göndəriləcək. Keçən il bizdə U-20 var idi. Bu il bilmirəm necə olacaq. Mən bir yaş kiçik futbolçuları heyətə cəlb edirəm. Son iki ildə ümumilikdə 13-14 oyunçu dəvət etmişəm. Bir neçə futbolçumuz U-17-nin heyətində Avropa çempionatına yollanmışdı.

- U-17 növbəti ildən U-18 olmalıdır. Yəni sizin rəhbərliyiniz altına keçəcək. Ukrayna, Bosniya və Hersoqovina və Lixtenşteyninlə eyni qrupda yer alan, Avropa çempionatını 3 xalla üçüncü pillədə bitirən bu komandamızın çıxışını necə dəyərləndirirsiniz?

- Qruplar ötənilki kimi deyildi. Məsələn, U-19-un keçənilki qrupunda İspaniya, Belçika yığmaları vardı. Bizim U-17 isə Norveç, Belçika və Lüksemburqla eyni qrupda mübarizə aparırdı. Bu il kağız üzərində nələrsə emək mümkün idi. Buna baxmayaraq, U-19 Türkiyə, Bolqarıstan və Lüksemburqun olduğu qrupda üç məğlubiyyət aldı. Avropa çempionatında iştirak edən U-17-nin hər üç oyununu izlədim. Ukrayna bütün komponentlərdə bizdən daha keyfiyyətli futbol oynadı. Amma Bosniya və Hersqovina ilə matçda komandamız özünü yaxşı tərəfdən göstərdi. Rəqiblə başabaş mübarizə apardı, amma sonda 1:0 hesabı ilə məğlub oldu. Müqayisə etsək, bu il daha yaxşı nəticələr göstərmək mümkün idi. Həm U-17, həm də U-19-un qrupunda yer alan komandaların heyətində Avropada top qovan futbolçular vardı. Bizim uşaqlarla bağlı isə bu mənada sıxıntılar mövcuddur, çünki ancaq Azərbaycan çempionatında çıxış edirlər. Futbolçu təzyiq altında, özlərindən böyüklərlə oynayanda inkişaf edir. Çatışmayan ən əsas xüsusiyyət futbolçularımızın təzyiq altında oynamamasıdır. Mən daha keyfiyyətli rəqiblər seçməyə çalışıram. "Sumqayıt”ın əsas komandasına, Birinci Divizion və əvəzedicilərə qarşı oynamışıq ki, uşaqlar təzyiqə öyrəşsinlər. İstərdik ki, komandalarımız qrupdan lider kimi çıxsın. Bu il olmadı, gələn il inşallah bacararlar. İrəliləyişlər var, bəhrəsini görərik.

- U-19-un sabiq baş məşqçisi Miloş Velebit nə üçün futbolumuza heç bir fayda verə bilmədi? Siz daha çox faydalı ola bilərdiniz…

- Deyə bilmərəm ki, Miloşdan daha çox fayda verərəm. Futboldu, hadisələri qabaqlamayım. Məşqçidir, onun düşüncələri fərqlidir. Məşqçilər eyni fikirdə ola bilməz.

- Amma sistem eyni olmalıdır. Görünür, Velebit sizi və ya millimizin digər məşqçilərinin tövsiyələrini vecinə almırdı…

- Söhbət şəxsən məndən gedirsə, açığı Miloş tərəfindən saymamazlıq, ikinci plana atmaq kimi hallar müşahidə etməmişəm. Əksinə, o da 2005 təvəllüdlü futbolçulardan öz komandasına dəvət edirdi. Hətta Avropa çempionatına gedəndə komandamızın 8 üzvünü də aparmışdı. Onlardan bir neçəsi ilk "11-lik”də oynamışdı. Təbii ki, perspektiv olduğu üçün dəvət etmişdi. Məğlubiyyəti heç kim istəməz. Amma sonda belə oldu, üç oyunda 3 məğlubiyyətlə üzləşdilər. Geri yox, irəli baxmalı, daha çox inkişaf etməliyik. Ümumilikdə eyni planla, sistemlə işləmişik. Lakin oyuna, meydana heyətin buraxılmasına, əvəzləmələrə baş məşqçi cavabdehdir. Komandalarımızın məğlubiyyətinə üzüldük.

- Oyunlarına baxmışdınız? Sizcə, U-19-un da uğursuzluğunun səbəbi təcrübəsizlik oldu?

- Mən o məşqçinin yerinə danışa bilmərəm. İlk iki oyununu izləmişdim. Birinci oyunda əlavə olunmuş dəqiqələrdə qapımıza penalti təyin edildi. Hansı ki, 0:0 bizi qane edirdi. Penalti komandanı psixoloji baxımdan "sındırdı”, nəticədə məğlub oldular. İkinci oyunda qırmızı vərəqə oldu. Bütün bunlar məşqçinin planlarını pozdu. Demək istəyirəm məğlubiyyətlərin necə olması ilə bağlı hərtərəfli düşünmək, müxtəlif yöndən baxmaq lazımdır. Dünən U-17 Lixenşteyni 8:0 hesabı ilə məğlub etdi. Bir qələbə ilə yarışı bitirdi. İstərdik ki, qrupdan çıxan tərəf biz olaq. 

- U-18-də hazırda əsas milliyə neçə namizəd var, hansı ki, onların üzərində daha çox dayanırsınız?

- Bir neçə futbolçu var, adlarını çəkmək istəməzdim, amma əsas milliyə namizəddirdlər. Bir fubolçu istedadına görə müəyyən yaşa qədər gələ bilər. Amma xarakteri yoxdursa, davam edə bilməyəcək. Futbolçulara da deyirəm, hər bir insanda xarakterin olması vacibdir. Yoxsa istədiyinə nail olmayacaqsan. Önəmli olan insanlara qarşı sayğı, çox çalışmaqdır. Futbolçular bu yöndə çox düşünməlidirlər. Məşqçilər onları maarifləndirməlidirlər. Hər dəfə kollektiv daxilində, yaxud individual şəkildə bu məsələlərlə bağlı futbolçularla danışırıq. Gələcəkdə nəyəsə nail olmaq istəyirlərsə, çox çalışmalı, təvazökarlıq, qarşındakılara, komanda yoldaşlarına hörmət göstərməlisən. Bu uşaqlar keçid dövrlərini yaşayır. Dediyim məsələlərdən bərk yapışmaq lazımdır. Perspektiv vəd edən uşaqlarımız var, hamısı da qanı, canı bir olan azərbaycanlılardır. Bir neçə ildən sonra danışsaq, həmin futbolçuları adbaad sizə göstərəcəm. Futbolçu bir məşqlə inkişaf edə bilməz. Klubları da qınamaq olmur. Ancaq uşaqlar öz çatışmazlıqlarının üzərində çalışmalıdır. Futbolçu gündə ən azı 4-5 saatını futbola ayırmalıdır. Onda gələckdə nəyəsə nail ola bilərik. Telefonla, sosial şəbəkələrlə məşğuliyyəti bir kənara atmalıdır. Ad çəkmək istəmirəm, özünüz də bilirsiniz, bəzi futbolçular xaraktersizliyin acısını yaşayıblar. İstedadları olsa da, xaraktersiz irəli gedə bilməyiblər. Yurgen Klopun bir sözü var - istedad insanı müəyyən yaşa qədər gətirir, amma xarakter onu futbolun son nöqtəsinə qədər aparır.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->