İdman 12:47 14.12.2023

Millimizin üzvü: “Onsuz da başqa variantımız yoxdur”

Sabah futzal millimiz DÇ-2024-ün elit raundu çərçivəsində növbəti matçına çıxacaq. Vitali Borisovun komandası Bakıda Rumıniya millisi ilə qarşılaşacaq. 

Yığmamızın üzvü, hazırda zədə səbəbindən heyətdən kənarda qalan Xətai Bağırov Qaynarinfo-ya açıqlamasında həm Rumıniya, həm də qarşıdan gələn Niderlandla matç haqda fikirlərini bildirib, qrupdan çıxmaq şanslarımızı dəyərləndirib:

"Dizimdən aldığım zədə ilə bağlı məşqlərə qoşula bilməmişəm. Bu səbəbdən qarşıdakı iki oyunda iştirak etməyəcəyəm. Fikrimcə, Rumıniya millisinin xalların silinməsi bizə şans yaratdı. Şansımız yox idi. Təbii ki, hər iki oyunda qələbə olsa və silinən xallar da nəzərə alınsa, qrupdan ikinci yerlə çıxa bilərik. Qalır komandanın hazırlaşması. Hansı komanda daha yaxşı hazırlaşacaqsa, onlar da nəticə verəcək. Çünki legionerlərin sayı azaldılır. Bu yerli oyunçular və onların təcrübəsini artırmaq üçün bir şansdır. Bundan yaxşı istifadə etmək, rəqabəti daha da artırmaq lazımdır”.

Bağırov heyətə dəvət olunan yeni futbolçularla bağlı bunları söyləyib:

"Legionerlərin oynamayacağını nəzərə alsaq, onsuz da başqa variantımız yoxdur. Onsuz da həmişə komandaya dörd-beş nəfər yerli oyunçu kömək edib. İndi də şans yaranıb. Bunu həyəcana və ya başqa bir səbəbə bağlamaq istəməzdim. Yaxşı fikirləşmək lazımdır ki, belə də olsun. Bu cavanlar nə vaxtsa oynamalı idi. Bir az gec və ya tez, onlar üçün şans yaranıb, komandaya kömək etməlidirlər. Çünki bu vəziyyətdə bəzi təcrübəli yerli oyunçular, legionerlər yoxdur. Gənclər bu şansdan istifadə etməlidir. Problemə gəldikdə, rəqibdə də var. Rumıniyada elə oyunçular var ki, oynamayacaqlar. Amma Niderlandda bildiyimə görə, legioner yoxdur. Onlara qarşı mən də oynamışam. Əsas məsələ Rumıniyanı məğlub etməkdir. Belədə Niderlandı da məğlub edib ikinci yerə yüksəlmək üçün şans qazanarıq”.

Xətai heyətdəki legionerlərin çox köməyinin dəydiyini, onların oynamayacağı təqdirdə yerlərinin görünəcəyini də deyib: 

"Bizə köməkləri çox oldu. Bunu dansaq, onların haqqına girmiş olarıq. Vilela, Amadeu, Filipinyonu qeyd edə bilərəm. Başqlarının da adını çəkə bilərəm, çox uzatmaq istəmirəm. Neçə illərdir Amadeu heyətdədir, həm milli, həm də klub səviyyəsində komandaya kömək edir. Klas olaraq çox yaxşı oyunçudurlar. Fiziki və təcrübəsi ilə komandaya hərtərəfli kömək edirlər. İndi təbii ki, yerləri görünəcək. Çünki əvəzinə meydana çıxan oyunçu cavan və təcrübəsiz olacaq. Yeni qoşulanların təcrübəlilərdən geri qalmaması sevindirici hal olar. Fikrimcə, bunun belə olması yerlilərin daha da çoxalacağına şərait yaradır. İnanıram ki, Xəzər, Novruz və heyətə yeni qoşulan digər yerlilər də olacaq”.

Səbuhi Həsənov