İdman 13:07 24.11.2022

“Mingəçevir”in baş məşqçisi: “Bunu siz də bilirsiniz, biz də”

Azərbaycan Kubokunda baş tutan görüşlərdən biri də "Mingəçevir” - "Zirə” oldu. Qarşılşama gözlənildiyi kimi Premyer Liqa təmsilçisinin qələbəsi ilə yekunlaşdı. 

Kubokun 1/8 final mərhələsində güclü rəqibinə məğlub olan "Mingəçevir”in baş məşqçisi Samir Məmmədov Qaynarinfo-ya oyunla bağlı açıqlama verib. O, Premyer Liqa və Birinci Divizion komandaları arasında kəskin fərq olduğunu deyib:

"Təbii ki, Birinci Divizionla Premyer Liqa komandaları arasında fərq çox böyükdür. Bu göz qabağındadır. Komandamız yeni yığılıb, buna baxmayaraq "Zirə”yə qarşı pis təsir bağışlamadı. Yeni komandada problem olur, bunu siz də bilirsiniz, biz də. Rəhbərlik söz verib, yavaş-yavaş aradan qaldırılacaq”. 

Məşqçi zəif heyətə baxmayaraq hələ ki, hansısa dəyişikliklərin nəzərdə tutulmadığını deyir:

"Heyətdə hanısa dəyişikliklər etmək gələcək planımızdır. Yəqin ki, rəhbərliklə söhbətdən sonra qərara gələcəyik. Hələ ki, nəyəsə qərar verməmişik”.

Birinci Diviziondakı hədəfləri ilə bağlı danışan Məmmədov əzmkar komanda formalaşdırmaq istədiklərini də vurğulayır:

"Qarşımıza konkret hansısa yeri tutmaq məqsədi qoyulmayıb. Məqsədimiz əzmkar komanda formalaşdırıb çempionatda iştirak etməkdir. İnşallah, yavaş-yavaş bunun da yolu tapılacaq. Mənə elə gəlir narahatlıq olmayacaq”.

Səbuhi Həsənov