Xəbər lenti

İdman 16:10 29.09.2023

Nəbiyev: “Sonradan öyrəndik ki, həmin məbləğ bizə Qənirə xanımın vasitəsilə verilib”

Keçmiş həmkarımız, deputat Qənirə Paşayevanın dünyasını dəyişməsi, şübhəsiz onun yaxınları, əzizləri ilə yanaşı, ətrafındakı, yardım etdiyi bir çox insanları da üzdü. Ölkə siyasətində mühüm rol oynamaqla yanaşı, Paşayeva həm də futbolla bağlı yardımları ilə tanınırdı. Doğulduğu Tovuz rayonunun təmsilçisi "Turan Tovuz”a hələ Birinci Divizionda oynayarkən sponsor tapılması üçün çox çalışan insanlardan idi. Futbola bağlılığına görə AFFA-nın nəzdində olan Futbolun İnkişaf Fondunun da həmsədri kimi fəaliyyət göstərirdi. Məhz bu kimi səbəblərdən Qənirə xanımı tovuzlu futbol ictimaiyyəti heç vaxt unutmayacaq.

"Turan Tovuz”un rəhbərliyində təmsil olunan şəxsləri Qaynarinfo-ya açıqlamasında Paşayeva ilə bağlı xatirələrini bölüşüb:

Oqtay Abdullayev, Müşahidə Şurasının sədri:
 

 
"Qənirə xanım, "Turan Tovuz”a çox dəstək olub. Mənimlə neçə dəfə görüşüb, kluba dəstək baxımından məsləhətləşmişik. Komandaya yardım üçün hansı addımları atmaq, sayt yaratmaq lazım olması, kluba maddi qazanc gətirməklə bağlı fikir mübadiləsi apardıq. Onun rəhmətə getdiyini eşidəndə çox kədərləndik. O, həyatdan tez getdi. Yaxşı insanlar niyə həyatdan tez köçür, başa düşə bilmirəm. Mən gəlməmişdən əvvəl də komandamıza dəstək olurdu. Deputat olduqdan sonra daha çox diqqət göstərirdi. Təmiz işlədiyimizi görüb, bizi irəli dartırdı. Həm də futbolu sevən adam idi. Gəlib oyunlarımıza da baxırdı. Birinci Divizionda çempion olanda, Qənirə xanım da oyunumuza baxırdı. O stadiona girəndə Tovuz camaatı sevinirdi, əl çalırdı. Tovuzda onu çox sevirdilər. Sonuncu dəfə Birinci Divizionda "Qaradağ Lökbatan”la oyunumuza gəlmişdi. Biz həmin vaxt birinci yeri təmin etmişdik. "Qaradağ Lökbatan” qələbə qazansaydı, ikinci yerə çıxacaqdı. Ancaq biz onları məğlub etdik və üçüncü yeri tutdular. Səhv etmirəmsə, həmin ildə ikinci yeri "Səbail” tutmuşdu. Allah rəhmət eləsin. Yaxşı, çörək verən insan idi. Camaatın qeydinə qalan, kasıbların adamı idi. Kluba sponsor tapmaq üçün çox çalışırdı. Bu gün "Hünər Qrup”un bizə sponsorluq etməsində bəlkə onun əməyi də var. Danışıqlar aparırdı. Belə sponsor "Turan Tovuz” üçün göydəndüşmədir. Sponsorlar arasında ən yaxşısıdır deyə bilərəm. Futbolu sevən insandır. Komandaya müdaxilə etmir, əksinə oynaması üçün şərait yaradır”.

Nadir Nəbiyev "Turan Tovuz”un icraçı direktoru:
 

 
"Qənirə xanım təkcə Tovuz, futbol deyil, Azərbaycanda bütün sahələr üçün önəmli insan idi. İnanırsınız, dünəndən özümüzə gələ bilmirik. Dəfələrlə görüşlərimiz olurdu. Hətta Tovuz futbolunun inkişafı üçün, biz Birinci Divizionda olanda videomüraciət də etmişdi. Görünməyən dəstəklər verirdi. Heç vaxt da adının hallanmasını istəmirdi. Danışmaqda çətinlik çəkirəm. Son zamanlar işinin ağırlığı ilə əlaqədar görüşlərimiz olmasa da, danışıqlar aparırdıq. Komandaya yardım, sponsor tapılması üçün öndə gedənlərdən idi. Daim axtarışda olurdu. Hətta müəyyən mənada maddi yardımlar da edirdi. Səhv etmirəmsə 2009-cu ildə, komandanın zəif vaxtlarında Premyer Liqada qalmaq üçün mübarizə aparıb, istəyimizə nail olmuşduq. Həmin vaxt komandaya böyük məbləğdə pul mükafatı aldıq. Sonradan öyrəndik ki, həmin məbləğ bizə Qənirə xanımın vasitəsilə verilib. Allah günahlarını bağışlasın, dünyasını dəyişib deyə bunları deyirəm. Heç vaxt razı olmurdu ki, etdiyi yaxşı əməlləri, yardımı kimsə bilsin. Təkcə "Turan Tovuz”la əlaqələndirmirəm, digər idman növləri, Tovuzda kütləvi futbol olsun, həmişə bu cür tədbirlərə hədiyyələrlə gəlirdi. Dünən onunla şəkillərimizə baxırdıq, hamısı gözümüzün önündən keçir...”

Səbuhi Həsənov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?