İdman 14:22 28.12.2023

PFL prezidenti Türkiyəyə yollandı: “Əhvalı yerindədir, müsbət irəliləyişlər göstərir”

Ağdamdan qayıdarkən ağır qəza keçirən Peşəkar Futbol Liqasının əməkdaşlarının müalicəsi davam edir. Qurumun prezidenti isə Türkiyəyə yollanıb və orada yenidən əməliyyat olunacaq. 

Bu barədə Qaynarinfo-ya açıqlamasında qurumun Media və Marketinq direktoru Sənan Abdullayev məlumat verib. O, hazırda Texniki İdman Departamentinin rəhbəri Elgiz Abbasovla birgə tam qüvvə ilə öz işlərinin başında olduğunu deyib:

"Elgiz artıq işə çıxır. Mən də çıxmaq istəyirdim. Sağ ayağıma tikiş qoyublar. Amma həkimin yanına gedəndə, dedi, bayramdan sonra söküləcək. Belə vəziyyətdə isə məcburən evdən işləyirəm. Buna baxmayaraq, bütün işlər nəzarətimdədir. Duruma uyğun kömək etməyə çalışacağam”.

O, qurumun vitse-prezidenti Aslan Şahgəldiyevin fizioterapiyalara başladığını bildirib:

"Onu gördüm, şükür Allaha vəziyyəti yaxşıya doğrudur. Sadəcə, uzun müddət yataqda qaldığı üçün bədəni zəifləyib. Onu ayaqüstə heç cür qaldıra bilmirlər. Yalnız bir qədər qaldırıb otuzdururlar, fizioterapiyanı edirlər, yenidən yatağa qayıdır. Bununla belə, əhvalı yerindədir, müsbət irəliləyişlər göstərir”.

Abdullayev PFL prezidentinin artıq Türkiyəyə yollandığını da söyləyib: 

"Elxan müəllim artıq Türkiyəyə gedib. Amma orada neçə gün qalacağını dəqiq bilmirəm. Səhv etmirəmsə, iki əməliyyat keçirməlidir. Daha sonra qısa müddətdə yəqin ki, bərpa keçəcək, sonra geri qayıdacaq. Durumlarına baxmayaraq, onların hər şeydən məlumatları var. Həm Elxan, həm də Aslan müəllim tapşırıqlarını verir. Lazımi məlumatları ona və ya ətrafındakılara çatdırırıq. Bizim Antalyada klubların hazırlıq prosesləri ilə bağlı yayımlarımız olacaq. Elxan müəllim Türkiyəyə getməmişdən əvvəl bununla bağlı tapşırıqlarını vermişdi. İş prosesi onun nəzarətindədir. Antalyada çəkilişlər qaydasında olacaq. Sadəcə, durumumza görə biz ora getməyəcəyik. Keçənilki heyət isə orada olacaq. Artıq heyət bölünüb və rəhbər təyin olunub, daim əlaqədə olcağıq. Türkiyədəki oyunların hamısı yayımlanacaq”.

Səbuhi Həsənov