İdman 15:57 18.12.2023

PFL rəsmisi dəhşətli qəzadan danışdı: “Elə bilib ki, betondur…”

Bir neçə gün öncə Xankəndi istiqamətində ağır qəza keçirən Peşəkar Futbol Liqasının rəhbərliyi hadisədən dərhal sonra xəstəxanaya yeləşdirildi. Başda PFL prezidenti Elxan Səmədov olmaqla, qurumun vitse-prezidenti Aslan Şahgəldiyev, Texniki İdman Departamentinin rəhbəri Elgiz Abbasov, mətbuat xidmətinin rəhbəri Sənan Abdullayev, icraçı direktor Zaur Hacı-Məhərrəmov və onları daşıyan "Mersedes” markalı avtomobilin sürücüsü müxtəlif dərəcəli xəsarətlər aldı. Hazırda xəstəxanada müalicəsi davam etdirilən qurum əməkdaşlarından bəziləri artıq əməliyyat olunsa da, reanimasiyadadır. 

Onların son durumu barədə PFL-in sözçüsü Abdullayev Qaynarinfo-ya açıqlama verib:

"Şükür vəziyyətimiz nomaldır. Mənim dabanım maşında kəsilib, digər barmağıma da tikiş qoymalıdırlar. Bir də əl barmağımda iki qırıq var, ona da gips qoyulacaq. Əməliyyata ehtiyac olmadığını dedilər. İplə bağlayacaqlar, bitişəcək”.

Həmkarımız qəza anını belə anladıb:

"Dördümüz də arxada yatmışdıq. Xəbərlərdən baxdım, sürücünün dedikləri ilə də üst-üstə düşürdü. Ağdamın dörd yol deyilən ərazisində işıqlandırma zəif idi. Sürücünün qarşısına qəfildən plastik sədlər çıxıb. O da elə bilib ki betondur, dəyməmək üçün maşını "qaçırıb”, nəticədə iki yolun ayrıcındakı iri nişan dirəyinə çırpılıb. Ön tərəfdə Zaur oturmuşdu. Şar açıldığı üçün xilas olub, yalnız burnu sınıb, bir də çiynindən zədələnib. Sürücünün ayaqları sınmışdı, əməliyyat etdilər. Elgizin sağ, mənim sol ayağımda qırıqlar var. Həmçinin əl barmağımda da sınıqlar var və topuqlarım şişib. Qəzanı ən ağır Aslanla Elxan müəllim keçirib. Elxan müəllimin bir ayağı sınıb, əməliyyat olundu. Durumu pis deyil. Aslan müəllimin də onurğası zədələnib. Çox məlumat vermirlər, amma ikisinin də durumunun normal olduğunu deyirlər”. 

O, zədələrə baxmayaraq, elə xəstəxanada işlərini davam etdirdiklərini, yaxın günlərdə evə buraxılacaqlarına ümid etdiklərini də deyir:

"Dünən Aslanla təxminən 30 saniyə danışmışam. Mənə dedi ki, Xankəndidəki oyuna şəhid ailələrinin uşaqları da gedəcək. Onlar üçün xüsusi formalar hazırlanıb və çatdırılmalıdır. Təki ayağa dursunlar. Yəqin ki, ən azı 3-4 ay müalicə alacaqlar. Fikrimcə, 10 günə xəstəxanadan çıxarıq. Mən ən azı üç həftə "Valker”lə gəzməliyəm. Hamımız qonşu palatalardayıq. Məsləhətləşirik, kimin halı yaxşıdırsa, o işləyir. İşimizi burdan görürük (gülür)”.

Səbuhi Həsənov