İdman 17:00 26.02.2024

“Qəbələ”nin futbolçusu: “Lazım olanda, bizim kimi başqalarına qarşı da eyni şeyi edirlər"

Premyer Liqanın 24-cü turu çərçivəsində "Kəpəz”ə məğlub olan "Qəbələ”nin durumu heç də ürəkaçan deyil. Turnir cədvəlinin sonuncu pilləsində yer alan komanda toparlanmağa çalışsa da, hələ ki, bunu bacara bilmir. Bu azmış kimi, Gəncə təmsilçisinə məğlubiyyətdən sonra baş məşqçi Elmar Baxşıyev vəzifəsindən istefa verdi. Onun gedişindən sonra isə komanda vaxtilə Azərbaycanda çalışmış gürcü mütəxəssis Kaxaber Tsxadadzeyə tapşırıldı.

Komandanın təcrübəli futbolçularından olan İlkin Qırtımov Qaynarinfo-ya müsahibəsində həm düşdükləri durum, həm də yeni baş məşqçinin rəhbərliyi altında nə gözlədikləri haqda danışıb.

- Əvvəlcə "Kəpəz”ə məğlubiyyət haqda fikirlərini bildirərdin. Nə çatmadı?

- "Kəpəz”lə oyun bizim üçün çox önəmli idi. Oyuna yaxşı başlamasaq da, sonradan toparlanıb qol vurduq. Sadəcə, indi elə vəziyyətdəyik ki, meydanda baş verən hər şey bizə təsir edir. Penalti epizodları… Düzdür, həmişə iclasda bizə deyirlər ki, oyunda belə şeylər olur. Amma "Kəpəz”lə oyunda baş verənlərin deyilənlərə aidiyyəti yox idi. Bilirsiniz necədir, demirəm ki, penalti verilsə, qələbə qazanacaqdıq. Ən azı penaltidən istifadə edə bilərdik. İndi elə vəziyyətdəyik ki, hər şeydən istifadə etməliyik. Ancaq belə məqamlarda VAR-a heç baxılmamasının səbəbini anlamıram. Hansı sistemlə gedirlər, nə etmək istəyirlər, bunlar hamısı qaranlıq qalır. Hamı, jurnalistlər, oyuna baxan digər insanlar deyirdi ki, ən azı VAR-a baxılmalı idi. Üç penal epizodundan heç olmasa, birinə VAR-da baxılmırsa, daha nə deyəcəyimizi bilmirik. Məsələn, Qəbələdəki "Kəpəz” - "Səbail” oyununda top müdafiəçinin əlinə dəydi və penalti qərarı çıxarıldı. O nə idi, bu nə idi. Top açıq-aydın əlinə dəyir meydanı tərk edir, ya da qapıçı götürür, hakim deyir, adi haldır. Ülvini dirsəklə vururlar - hansı ki, bizim futbolçumuz Lukas Afrikoya buna görə qırmızı vərəqə vermişdilər - hakim qeydə almır. Bütün bunlar, ən azı VAR-a gedilməməsi mənim üçün çox qaranlıqdır.

- Düşünmək olar ki, hakimlər son vaxtlar "Qəbələ”yə qərəzli yanaşırlar?

- Təkcə "Qəbələ”yə qarşı deyil. Sərf edən yerdə özlərini haqlı çıxarırlar. VAR hakimlərə kömək üçündür. Komandaları böyrü üstdə qoymaq üçün deyil.

- "Kəpəz”lə oyundan sonra bu epizodlarla bağlı nə müzakirələriniz oldu?

- Öz aramızda danışırdıq. Artıq oyun olub, bitib. Nə qədər partlayıb, çabalasan da, xeyri yoxdur.

- Komandada neçə oyundur ruh düşkünlüyü hiss olunur…

- Hər şey təsir edir bizə. Qol buraxırıq, komandanın beynində başqa şeylər olur. İstəyirik ki, nə olur olsun, təki qələbə qazananq. Oyunun gedişatında çox vaxt geri çəkilirik ki, qol buraxmayaq, üç xal qazanaq. Bu da gəlir başımızda çatlayır.

- Ən çox təsir edən nədir?

- Olduğumuz yer. Özümüzə inam yoxdur, istəyirik ki, bir xal da olsa qazanaq.

- "Sabah” üzərində qələbədən sonra komanda toparlanmalı, özünəəminlik yaranmalı idi. Amma nədənsə qeyri-sabitlik davam etdi.

- Oldu, kubokda "Araz-Naxçıvan”la oyundan sonra da bir qədər atmosfer dəyişkliyi yarandı. Amma zədələr, oyuna köklənə bilməməyimiz toparlanmağımıza mane olur. Bunu geridə qoymalıyıq, başqa variantımız yoxdur. Nə olur-olsun, zədə, hakimlik… Lazım olanda, bizim kimi başqa komandalara qarşı da eyni şeyi edirlər. Çalışıb əlimizdən gələni etməliyik. Başqa yolumuz yoxdur, başımızı aşağı salmaq bizə yaraşmaz.

- Baş məşqçi dəyişikliyini necə dəyərləndirirsən? Kaxaber Tsxadadzenin rəhbərliyi altında "Qəbələ”dən nə gözləmək olar?

- Əvvəlcə Elmar müəllimə təşəkkür edirəm, sağ olsun. Doğrudan da, onun gedişi bütün komandaya çox pis təsir göstərdi. Neçə illərdir bir yerdə çalışırdıq. Həm insan, həm də məşqçi kimi ona uğurlar arzulayıram. Pis təsir göstərən odur ki, biz də ona köməklik edə bilmədik. Kaxanı "İnter”dən tanıyırıq. Onun köməkçisi, Georgi Çixradze "Simurq”un vaxtında baş məşqçimiz olub. Kaxa da yaxşı, tələbkar məşqçidir. İnşallah uğurlu olar. 

- Tsxadadze tələbkar olmaqla yanaşı, demək olar, hər uğursuzluq zamanı öz futbolçularını mətbuatın önündə danlaması ilə də tanınır. Bu, komandaya necə təsir göstərə bilər?

- Fikrimcə, hazırda bizə bu lazımdır. Danlamaq deyəndə, yəni iradlarını bildirməlidir. Hər halda baş məşqçidir, kimə nə demək lazım olduğunu bilir. Bununla yanaşı, komandanı vəziyyətdən necə çıxarmaq lazım olduğunu bizdən də yaxşı anlayır.

- "Qəbələ”nin hazırkı durumunu nəzərə alsaq, Kaxaber bundan sonra nəsə edə biləcək?

-  Məncə, pis olmayacaq, köməklik edə biləcək. Öz təcrübəsi, tələbkarlığı ilə, fikrimcə, komandada yaxşılığa doğru dəyişiklik edə biləcək.

- Elmar Baxşıyev istefa verdikdən sonra komanda ilə son görüşündə xüsusi nəsə dedi?

- Heç nə, sağollaşdıq, yola saldıq. Olan olub, bu da futbolun bir hissəsidir. "Qəbələ”nin belə vəziyyətə düşməsi təkcə Elmar müəllimlik deyil. Ümumi komanda "düşdü” və toparlana bilmədik. Hamımızda günah var. Futbol kollektiv oyundur, udanda hamımız sevinirik. Uduzanda hamımız üzülürük.

Səbuhi Həsənov