Xəbər lenti

İdman 23:00 22.04.2023

Sabiq futbolçuların davasına aydınlıq gəldi - Runi türk ulduzu niyə vurmuşdu?

İngiltərə millisinin sabiq futbolçusu Ueyn Runi türkiyəli veteran Alpay Özalanı yumruqla vurub.

Qaynarinfo-nun məlumatına görə, bunu "Mançester Yunayted”in keçmiş masajçısı Rod Tornli "Under The Cosh” podkastına açıqlamasında deyib.

Onun sözlərinə görə, hadisə 2004-cü ildə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində eyni qrupda yer alan İngiltərə və Türkiyə arasında keçirilən matçdan sonra baş verib. Oyundan sonra ingilis hücumçu tuneldə Alpayla mübahisə edib. Nəticədə Runi və türk müdafiəçi arasında dava düşüb.
 
Tuneldəki davanın başlamasına zəmin isə hələ oyun zamanı yaranıb. Belə ki, oyun zamanı Türkiyə yığmasının qapısına penalti təyin olunub. Nöqtəyə yaxınlaşan İngiltərə millsinin ulduzu David Bekhem ayağı sürüşdüyündən topu qapıya vura bilməyib. Həmin vaxtlarda "Aston Villa”nın formasını geyinən Türkiyə millisinin müdafiəçisi Bekhemə yaxınlaşaraq sərt sözlər işlədib. Nəticədə oyundan sonra tuneldə çaxnaşma yaranıb və təhlükəsizlik qüvvələri dalaşan oyunçuları ayırmaq üçün müdaxilə edib.
 


Tornli məsələyə bu cür aydınlıq gətirib: "Hadisə tuneldə baş verdi. Alpay asayiş keşikçilərini keçməyə çalışırdı. Sonra Runi içəri girdi və yumruqla Alpayı yerə sərdi. Runi boks həvəskarıdır. O, Alpayı yıxmaqla öz işini gördü. Emil Heski də hadisələrin tam ortasında idi. Yalnız baş hakim Pyerluici Kollina səsi ilə hər şeyi dayandırdı və hər iki kapitanı özü ilə apardı".

Qeyd edək ki, həmin vaxt Bekhemin penaltidən istifadə edə bilməməsinə baxmayaraq, İngiltərə lazım olan xalları qazanaraq AVRO-2004-ə yollanıb. Türkiyə yığması isə Latviyaya 2 oyunun nəticəsinə görə 2:3 (1:0, 2:2) hesabı ilə məğlub olaraq final mərhələsinə vəsiqə qazana bilməmişdi.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->