İdman 10:21 07.01.2023

Tanınmış menecer qış fasiləsini dəyərləndirir: “Qarabağ” onsuz da çempion olacaq”

Azərbaycanın tanınmış menecerlərindən olan Erkin İbrahimov qış fasiləsindəki gözləntilərdən danışıb. O, Qaynarinfo-ya müsahibəsində klubların transfer məsələlərinə toxunub, hansı bazara üstünlük verilməsi, o cümlədən şəxsi planda hansı yeniliklər olub-olmaması ilə bağlı fikirlərini bildirib.

- Budəfəki qış fasiləsini necə analiz etmək olar, gözləntiləriniz nədir?

- Məncə çox fəal fasilə olacaq. Artıq 5-6 gün keçməsinə baxmayaraq, transfer xəbərləri var. Üç klubda məşqçi dəyişdirilib. Belə olan halda komandada müəyyən dəyişikliklər olacaq. "Kəpəz”, "Səbail”, "Zirə”nin çox futbolçuya ehtiyacı olduğu hiss edilir. Yəqin ki, çox transfer olacaq, amma bir qədər gec. Məşqçilər sonradan şikayət edir ki, futbolçu gec qoşuldu, vaxt olmadı və s. Qış fasiləsinin bitməsinə 20 gündən də az vaxt qalıb. 

- Belə qısa müddətdə nə etmək olar?

- Yəqin ki, klubların bildikləri var. Kimlərləsə danışırlar. Əlbəttə, məşqçilər üçün daha yaxşı olar ki, toplanış başlayan kimi yeni futbolçular komandaya qoşulsun. Çünki bu il toplanışlar da çox qısa müddəti əhatə edəcək. Məsələn, "Sumqayıt” iki yoxlama matçı keçirəcək. Belədə təzə gələn futbolçu nə vaxt oynayacaq? Digər klublar isə maksimum 3 görüş keçirəcək. Keçən ilə nəzər salsaq görərik ki, klubların qış fasiləsində gətirdikləri futbolçular o qədər də "tutmadı”. 

- Bu fasilə futbolçu bolluğuna görə əvvəlkindən fərqlənir?

- Xeyr, fərqlənmir. Mentalitet olaraq fərqlənmir. Klubda çalışmadığım üçün bilmirəm. Ola bilsin büdcələri təsdiqlənməyib, bəlkə gözləyib daha yaxşı futbolçu seçməyə, səhvə yol verməməyə çalışırlar. Ümumilikdə həmişəki kimidir. Tam formalaşmamış halda toplanışa gedirlər və "taparıq” kimi fikirlərlə hazırlaşırlar. Mən kənardan baxram, fikrimcə, yanaşma olaraq eynidir. Futbolçu həmişə var. 

- Hazırda klublarımız Türkiyə toplanışındadır. Orada bu gün hansı ölkədən futbolçular çoxluq təşkil edir və klublar kimlərə üstünlük verməyə çalışırlar?

- Özümdən götürüm, daha çox serblər, balkan ölkələri ilə çalışıram. Bu il deyəsən belə ökələrdən futbolçu alınmayacaq. Çünki, məsələn, Serbiyada qiymətlər qalxıb. Ortabab klublar futbolçulara 5-6 min avro maaş verirlər. Hansısa normal futbolçunun bu ölkədən "Kəpəz”ə gəlməsi qeyri-realdır. Oktyabrda İsveçə getmişdim. "Material” topladım. Orada boş futbolçu çoxdur. Müəyyən əlaqələr qurdum, görüşlər keçirdim. İsveç bazarından faydalanmaq olar. Qazaxıstan çempionatında oynamış futbolçularla işləyirəm. Çünki orada çempionat dekabrda başa çatıb. Mən deyil, başqası olsun, seçim elə də çox deyil. Yenə də ya İsveç-Finlandiya, ya da Qazaxıstan çempionatlarından olacaq. Nadir hallarda lazımlı futbolçu tapılır. Məsələn, keçən il "Zirə” Keytanı "qapdı”. Birdən-birə, klubundan pulsuz şəkildə ayrıldı, nəsə problemi var idi. Çempionatımızda ən yaxşı futbolçulardan biri oldu. 

- Kadi məsələsində fikirləriniz necədir?

- Normal, məntiqli prosesdir. "Qarabağ” ağıllı tərpəndi, 5 milyon avro qiymət yazdırdı. Klub Kadini satmaq istəmirdi, müştəri özü gəldi. Müqaviləsində bənd var idi. Kim deyə bilərdi ki, Kadi 5 milyona satılacaq? Çox vaxt klublar simvolik məbləğlər yazdırır. Amma "Qarabağ”da alındı. Kadini də başa düşmək olar. Braziliyalıdır, gənc yaşında evindən çörəkpulu üçün çıxıb. Bildiyim qədər "Krasnodar”da "Qarabağ”dakından iki dəfə artıq maaş alacaq. Niyə də getməsin? Məncə, hamını qane edəcək durumdur. Düzdür, "Qarabağ”da ona əvəzləyici tapılmaya bilər. Ancaq tutaq ki, Kadi komandada qaldı. Təkcə onunla "Gent”i keçmək mümkündürmü? Onsuz da Belçika klubu favoritdir. Məncə o qədər də təsir etməyəcək. Ölkə çempionluğu? "Qarabağ” onsuz da çempion olacaq. İndi futbolçu almasalar belə, yaya qədər bunu etmələri mümkündür. Kadidən də güclü futbolçular "Qarabağ”ı tərk edib. Buna rəğmən görürsünüz ki, komanda zəifləmir. Elə bir sistem qurulub ki, hətta Reynaldo gedəndə belə komanda zəifləmədi.

- İbrahima Vadjinin "Qarabağ”a qayıdacağı deyilir? O yenidən komandaya qayıtsa, fayda verə bilər?

- "Qarabağ” qəribə klubdur, gedən, qayıtmaq istəyir. "Qarabağ”da oynayırlar, qiymətləri artır və özlərini dahi futbolçu hesab edirlər. Ancaq, vallah, onlar komandaya görə oynayırlar. Məsələn, Riçard Almeyda "Zirə”yə getmişdi. Heç bəlkə də "Zirə” onu saxlamaq istəmirdi. Çox zəif görünürdü. "Qarabağ”a qayıdandan sonra oynayır. Patrik Andrade nə futbolçudur ki? Ortababa oyunçudur, sadəcə, bəxti gətirdi "Qarabağ”a transfer olundu. Oyun sisteminə düşdü, yerini tapdı. Kadi də "Krasnodar”da oynamaya bilər. Elə bu sözlər Vadjiyə də aiddir. Vadjini oynadan "Qarabağ” idi. Karyerası ərzində oynadığı klublarda qol vuran hücumçu olmayıb. Sadəcə, "Qarabağ”da oynadıqları üçün qiymətləri qalxır, Avropaya gedirlər, elə bilirlər ki, o səviyyəni aşıblar. Ancaq heç bəlkə "Qarabağ” üçün tam yararlı futbolçu deyillər. "Qarabağ”ın düzgün oyun modeli var. Bu modelə uyğun gəlməmək üçün lap zəif futbolçu olmalısan. Əlbəttə, qayıda bilər, məncə, "Qarabağ”a faydası dəyər. Ovusu da gedir. 

- "Neftçi”nin Höccət Haqverdi ilə razılaşdığı bildirilir. O futbolçu bu gün hansı formadadır? Ümumiyyətlə onun keçidi birmənalı qarşılanmır, klub rəhbərliyi tənqid olunur.

- İrandakı statistikasına baxmışam. Kurban Berdyevin vaxtında bütün oyunlarda meydana çıxıb. Hər halda məşqçinin bildiyi var ki, onu oynadıb. Sonradan portqual məşqçi gəldi və Höccəti oynatmadı. Bu təbiidir. Yerli futbolçudur, istənilən klubumuza lazımdır. Ümid az olsa da, onlara ehtiyac var. Höccət hazırda "Neftçi”də olan müdafiəçilərdən güclüdür ki, zəif deyil. Qiymət söhbəti ola bilər. Maaşı, transfer qiyməti yüksəkdir. Bununla belə millimizin üzvüdür. Çox təbii qarşılayıram, məncə, faydası dəyəcək. Sadəcə, fars olduğundan Azərbaycanda ona qarşı ictimai rəy neqativdir. Futbolçu keyfiyyətinə görə isə hazırda "Neftçi”dəki bütün mərkəz müdafiəçilərdən güclüdür. Niyə tənqid olunur anlamıram? Millimizdə bütün oyunlarda əsas heyətdə meydana çıxırdı. 30 yaşı var, ilk dəfədir özünə doğma olmayan mövqedə, cinahda oynayır. Yığmanın da son 5-6 oyunu uğurlu olub. Tənqidləri anlamıram, məncə, gələn kimi əsas heyətdə oynayacaq. Klub rəhbərliyi düzgün addım atıb. 

- Şəxsi planda hansı yeniliklər gözlənilir?

- Bu iş elədir ki, əvvəlcədən heç nə demək olmur. Bizdə menecer işi yoxdur, daha çox kiməsə məsləhətçi rolunda çıxış edirik. Menecer odur ki, futbolçunu 15-16 yaşında aparırsan, karyerasında iştirak edirsən, köməklik göstərirsən. Bilirsən ki, gələcəyi var, Avropada ona tələbat olacaq. Azərbaycanda futbol mühiti elədir ki, menecer kimi fəaliyyət göstərə bilmirsən. Klublara yayda 4-5 futbolçu vermişəm. Bəzən olur ki, tanışlıq xatirinə futbolçu tapırsan, klublara kömək edirsən, amma heç bir maraq gözləmirsən. Bu, iş deyil. 

- Bu fasilədə "transfer bombası” gözlənilir?

- Fikrimcə, "Neftçi”, "Qarabağ” və "Sabah”dan gözləmək mümkündür. Nə dərəcədə realdır? Hər klubun öz planı var. Ümumiyyətlə Azərbaycanda ulduz futbolçu almağı xoşlamırlar. Çünki keçmişdə Emil Mpenza kimi uğursuz nümunələr var. Bu, artıq yükdür. Uğurlu olmayanda tənqidlərə tuş gəlirlər. 

Səbuhi Həsənov