Aqşin YENİSEY
Siyasət 13:57 14.07.2023

Tək adamdan ibarət xalq

Aristotel şəxsin xarakterindəki qüsuru ədəbiyyata gətirdiyi "hamartiya” kəlməsi ilə (qarğanmış tale, tanrının zavalına gəlmək) izah edirdi və belə düşünürdü ki, qüsurlu xarakter cəmiyyətə yuxarıdan gəlir. 

Aristotel məntiqini iki min ilə yaxın inkar və ört-basdır edən xristianlıq isə yuxarıların hamartiyanın deyil, xeyirxahlığın vətəni olduğunu təbliğ etməklə məşğul idi. Ona görə də Qərb ədəbiyyatı insan mənəviyyatını tərkibindəki İsanın "miqdarı” ilə ölçürdü. Bunun başlıca səbəbi Qərb dünyasının yunan-Roma fəlsəfəsindən uzaqlaşıb yəhudi-xristian doktrinalarına qapanması idi ki, bu da xristian müəllifləri xeyirxah insanı "İsa şablonu” üzərində birtərəfli yazmağa və yozmağa vadar edirdi. 

Yəhudi düşüncəsi bütün insani üstünlükləri tək peyğəmbər obrazında cəmləmişdi və bu da ədəbiyyatda bir ölüçülü personajların yaranması ilə nəticələndi. 

Qərb romanlarında bütün müsbət obrazlar İsa peyğəmbərin çoxaldılmış nüsxələdir. Bu ibrani düşüncənin, yəni "ruhani avtoritetin” insanlığın rəmzi olması inancını xristian yazarlar olduğu kimi dindən mənimsəmişdilər. Qərbli içində gəzidirdiyi peyğəmbərlik (İsa) əlamətləri ilə mənəviyyatlı idi. Kimdə ki belə əlamətlər yox idi, axmağın, zalımın biri hesab olunurdu. Mənəviyyatlı olmaq, İsaçı olmaq, dindar olmaq demək idi. Çünki İsa öz inancının həm qəhrəmanı, həm şəhidi, həm də qurbanı olmuşdu. Bu fakt xristianları öz peyğəmbərlərinə daha da emosional yanaşmağa məcbur edirdi və edir.       

Yaşadığımız çağ isə metanarrativ üslubun ədəbiyyatda get-gedə üstün mövqe qazandığı bir çağdır. Nədir metanarrativ üslub? Ədəbi-tənqidi yazılara fransız filosofu Jan Fransua Liotarın ağzından düşüb. Metanarrativ üslub postmodern anlayış olaraq, çoxinanclı, çoxmədəniyyətli, bir növ, multikultural bir cəmiyyəti və ya ümumi bir tarixi daha fərqli məğzi ilə, ixtisarla və ya ümumiləşdirici nəzəri prinsiplər çərçivəsində izah etməyə çalışan qlobal bir üslubdur, təhkiyə formasıdır. Keçmişdən ötürülən bütün məlumatlara şübhə və tənqidin "qoruyucu uniformaları” ilə yanaşmaqdır metanarrativlik.  

Metanarrativ üslub ədəbiyyatda ənənəvi birölçülü qəhrəmanları rədd edən üslubdır.

Liotar azadlıq, bərabərlik, ədalət, təkamül, rasionalizm kimi maarifçi dəyərləri də vaxtı keçmiş metanarrativlər adlandırır və iddia edir ki, bu dəyərlər artıq dəyərini itirib. Yəni artıq insanın varlığını bu dəyərlər təyin etmirlər. Buna görə də çağın adı "post modern”dir.  Ancaq onunla razılaşmayanların sayı da az deyil. 

Entoni Giddes kimi sosioloqlar iddia edirlər ki, dünyada modernizm dövrü başa çatmayıb. Post modernizm davam edən modernizmin bir mərhələsidir. Yaxud başqa bir ingilis filosofu Ernest Gellner Liotarın dəyərsizləşdirilmiş "postmodernizmini” aşağılayaraq, postmodernizmin zamanımızda dəbdə olan bir anlayış olduğunu, bu anlayışın altında hansı şeytaniliklərin yatdığını və bu anlayışın hələ özünü gizlədiyini iddia edir. Gellnerə inansaq, postmodernizm gələcəyin fəlakəti olacaq. Metanarrativ üsluba modernizmin modernizmi də, qloballaşan kapitalizmin yeni üslubu da deyənlər var. 

Metanarrativ yanaşmaya görə, insan mənəviyyatı azadlıq, bərabərlik, ədalət, tarixi təkamül, rasionalizm kimi dindən, spiritualizmdən, teologiyadan uzaq dəyərlərdədir. Tolstoyun, Dostoyevskinin zəmanəsində Rusiyada dindən, İsadan başqa narrativlər yox idi (heç bu gün də yoxdur). İsanın əlçatanlığı və emosional cazibədarlığı bu yazıçıları onu mənəviyyatın simvolu kimi göstərməyə, hər Kirilovun, hər Sergi Atanın, hər Nexlyudovun xəmirinə bir damla İsa qanı qatmağa sövq edirdi ki, bu ədəbi qəhrəmanların bəşəri kimliyini də o bir damla qan müəyyən edirdi.  

Bu günün metanarrativ mətnində artıq qəhrəmanın damarlarından axan qanın heç bir ədəbi dəyəri yoxdur. Əgər ədəbiyyatla ifadə etdiyi insan arasında qan bağı varsa, o artıq bəşəri deyil, milli ədəbiyyat hesab olunur. Milli ədəbiyyat isə istəsə belə metabarrativ mətnlər yarada bilməz. 

Çünki adı milli olan ədəbiyyatda milli məsələ həll olunmadan bəşəri məsələnin həlli mümkün deyildir. 

Əvvəlcə özünə umac ova bilməlisən ki, sonra başqasına əriştə də kəsə biləsən. 

Özünü xilas edə bilməyən insan, insanlığı xilas edə bilməz.  

Üçüncü dünya ölkələrində milli kimlik, millətin və dövlətin ortaq simasının yaranması, təhsilin və hüququn mənəvi prosesə çevilməsi və s. kimi milli məsələlər həll olunmamış qalır. 

Amerikalı ədəbiyyat filosofu Fredrik Ceymison Üçüncü dünya ölkələrinin ədəbiyyatları haqqında danışarkən, bu cür ölkələrdə doğulub boya-başa çatan əbədi personajların kədərinin, sevincinin və bir sözlə, bütün həyatının, əslində, öz xalqlarının, ölkələrinin kədəri, sevinci, öz ölkələrinin taleyi olduğunu deyir. Və bunu "milli alleqoriya" adlandırır. 

Yəni bizim kimi ölkələrdə vətəndaşın, yaxud fərdin öz xalqından, dövlətindən azad olmuş kədəri, sevinci, taleyi yoxdur. Ona görə də bizim ədəbi personajların hekayələri və tarixçələri, əslində, onların öz "millətləri”, "xalqları” ilə bağlı alleqoriyalardır. Siyasət, kollektiv tarix və şəxsi təcrübə mütləq şəkildə bu ölkələrin mətnlərində istər-istəməz iç-içə keçir. Üçüncü dünya mətnləri milli alleqoriya şəklində siyasi bir üsluba sahibdir; fərdi qəhrəmanın taleyi həmişə üçüncü dünya mədəniyyətində və cəmiyyətində mübarizə aparan toplumun alleqorik ifadəsidir. 

Kollektivdən arınmış "müstəqil kədərlər", "müstəqil sevinclər", "müstəqil talelər" olmadığı üçün onları ifadə edən ədəbiyyatda "müstəqil üslublar" da yoxdur. Hamının ya "Lolita", ya "Nayman ana" olduğu cəmiyyətdə üslubun kütləviləşməmək şansı sıfıra bərabərdir. 

Üslubun kütləviləşməsi dili də kütləviləşdirir. Kütləvi dil isə kütləvi düşüncə yaradır. Bu isə öz növbəsində yazıçı ilə oxucu arasında fərqi aradan qaldırır. 
Azərbacyanlı müəllifin yerli oxucunun marağını cəlb etməməsinin səbəbi hər ikisinin eyni dilə, eyni düşüncəyə, eyni kədərə, eyni sevincə, eyni taleyə sahib olmalarından irəli gəlir. 

Azərbaycanda sayı on milyon olan bir nəfər yaşayır!
 
Aqşin Yenisey