İdman 10:53 18.06.2022

Veteran futbolçu: “Reallıqlar var ki, barışmalıyıq”

Azərbaycanın tanınmış mütəxəssislərindən olan Şahin Diniyev ölkə futbolunda baş verən son proseslərlə bağlı fikirlərini bildirib.

Qaynarinfo-ya açıqlamasında həm əsas, həm U-21 millilərimizin oyunu ilə bağlı düşüncələrini bölüşən Diniyev klublarımızın avrokuboklardakı şanslarını da dəyərləndirib.

"Yığmamız pis başladı yaxşı qurtardı. Qazaxıstanla oyun uduzulası deyildi. Hər ikisi eyni səviyyəli komandalar idi. Sadəcə, onlar bizimkilərdən fərqli, əllərinə düşən qol vəziyyətlərindən maksimum istifadə etdilər. Yığmamız ikinci hissədə ən pis oyunlarından birini keçirdi. Qrup mərhələsindəki rəqiblərimiz müəyyənləşəndə əvvəlcədən favoritin Slovakiya olduğu görünürdü. B qrupundan gəlib bura düşmüşdülər. Qazaxıstan, sadəcə, rəqiblərin çaşqınlığından maksimum istifadə edib liderliyə yüksəldi. İndi qrupdan çıxmaq üçün bir nömrəli favoritdir. Evdə Belarusla, səfərdə bizimlə oynayacaqlar. İki oyundan birini udsalar belə 13 xalla rahat çıxacaqlar. Bu Qazaxıstan üçün böyük nailiyyətdir. Fikrimcə. onlar rasional güc sərf etdi. Göstərdilər ki, təsadüfən bura gəlib çıxmayıblar. Belarusla matçda bizimkilər parlaq oyun göstərmədi. Çərçivəyə gedən zərbələrin əksəriyyəti təhlükəli olmadığından mahiyyət yox idi. Futbolda oyunun taleyini statistika deyil, tablodakı hesab həll etdiyi üçün saydıqlarımızın da təsiri olmadı. Bu, öyrəşdiyimiz Slovakiya deyil, ancaq yaxşı komandadır. Nəsildəyişmə gedir, ya nəyinsə qıtlığıdır bilmirəm. Məşqçi dəyişikliyi ilə də bağlı ola bilər. Məncə bu dəyişiklik böyük rol oynadı. Komandamız ən yaxşı halda Slovakiya ilə heç-heçə edə bilərdi. Belarusla sonuncu qarşılaşmada əvəzetmələrdən sonra meydanda tamamilə başqa bir Azərbaycan gördük. Üç əvəzetmədən - Namik, Coşqun və Mahirin daxil olmasından, dörd müdafiəçili sistemə keçəndən sonra dəyişiklik gördük. Özünəinamla hücum etdilər, rəngarənglik artdı. Bundan başqa Eddi İsrafilov, Riçard Almeyda, Emin Mahmudov, elə Ramil Şeydayevlə gənc Cəlal Hüseynov da çox oyun keçirdi. Sonuncu qarşılaşmada görünürdü ki, istək vardı, amma güc tükənmişdi. Millimiz daha çox xal toplaya bilərdi. Baş məşqçi komandanı daha səmərəli oynatsaydı həm Belarusu səfərdə məğlub edə, həm də Qazaxıstana uduzmaya bilərdik. Artıq reallıq budur ki, qrupdan çıxmaq şansımız yoxdur. Reallıqlar var ki, barışmalıyıq. Qalan iki oyunu udsaq belə 10 xalla çıxa bilmirik. Bunun üçün möcüzə olmalıdır. Futbol da möcüzəni deyil, güclüləri sevir. Bu mənada şansımız yoxdur. Bu gün qarşımızda duran əsas məqsəd aşağıdakı qrupa yuvarlanmamaqdır. Komandanı aşağılamaq istəmirəm. Amma oradakı rəqiblər daha zəifdir. Yəni orada oynamağın da belə bir mənası olmayacaq. İndiki qrupda həmişə bir dənə yaxşı komanda olur. B Liqasındakı komandalar hamısı güclüdür, gələn dəfə onlardan biri bu qrupa düşəcək. Artıq maksimum tapşırıq tərsinə dəyişib. Əvvəl birinci olmaq idisə, indi məqsəd sonuncu yerə düşməməkdir. Qarşıdakı iki oyundan ən azı birini udmaq lazımdır ki, aşağı düşməyək”.

Mütəxəssis yığmamızın daha çox hücum futbolu oynamalı olduğunu da dedi:

"Hücumda və müdafiədə futbol anlayışı var. Hücumda futbolçuların çoxalması daha yaxşı inkişafa gətirir. Yəni, xətlərarası keçid məsələsinə, diqqət yetirilməlidir. Ancaq bizdə, bu, yox idi. Heyət baxımından ən yaxşı millilərdən biriyik. Hər futbolçu böyük işlər görə bilər. Sadəcə, hansısa anlaşılmazlıq var. Məşqçinin qarşısına qoyulan məqsəd, top buraxmamaq vəzifəsi onu sıxdımı bilmirəm. Etik normadan çıxmayaq, çünki bu, məşqçinin işi idi. Sadəcə, hücumda çoxala və sürətlənə bilmirdilər. Müdafiəyə gəlincə, məsələn, Qazaxıstan topu ələ keçirəndə müdafiəçilərin sayı minimuma enmişdi. Müdafiə olunarkən də çoxala bilmirdik. Hücumdasansa, bu, o deməkdir ki, müdafiədə oynamırsan? Əldəki materialdan istifadə etmək məsələsi var. Futbol bölünüb. İsti ölkələrdə, cənub zonalarında futbolçular daha istiqanlı, emosional olurlar. Məsələn, İspaniya, Braziliyadakılar daha çox irəli atılan, hücum etməyi sevən olurlar. Soyuq ölkələrin futbolçularının qanlarnda daha çox soyuqqanlıq var. Onlar müdafiə olunmağı sevirlər. Oyun intizamını pozmurlar, öz futbollarını oynayırlar. Bizim komandaya da daha çox hücumda futbol yaraşır. Bu, o demək deyil ki, müdafiəni boş buraxmalısan. İndi İngiltərə klublarındakı oyun üslubu tam başqadır. Daha çox topa nəzarət edirlər. Əvvəl isə kənardan hücum edirdilər, başla qol vururdular. Uzun hücumçulara üstünlük verirdilər. İndi müdafiəçi axtarırlar ki, arxa xətdən oyun başlaya bilsin. Bu ölkələrə gələn məşqçilər futbolu dəyişirlər. Skandinaviya ölkələri deyəndə əvvəl ağlımıza bir fikir gəlirdi - standart hava topları. 60 metrlik məsafələrdən ötürmələr verirdilər, başla fərqlənirdilər. Ancaq bu gün Danimarkanın, Finlandiyanın və Norveçin oyununa baxın. Tam başqa futbol sərgiləyirlər. Dünya futbolu dəyişib. Bizdə də hücumdan müdafiəyə və ya əksinə keçidləri bacara biləcək keyfiyyətdə oyunçular var”.

Veteran futbolçu klublarımızın avrokuboklardakı şansını da dəyərləndirib:

"Gəlin etiraf edək, builki ilk rəqiblər ötənilkilərə nisbətən daha güclüdürlər. Xüsusən də "Lex”. Düzdür, hazırda format elədir ki, hər ölkənin çempionu oraya gəlib çata bilmir. Elə ölkələr var ki, çempionları Avropa Liqasında oynayır. Səpələnməmişlərin siyahısında "Lex”dən də yaxşıları vardı, məsələn, "Dinamo” (Batumi). "Lex” də həqiqətən güclü rəqibdir. "Qarabağ”ı da tanıyırıq, bundan da güclülərlə oynayıb. "Qarabağ” keçəcək, amma bu çox çətinliklə olacaq. Polşa futbolu tam başqadır. O ölkənin klubları çox təhlükəli olublar. Əvvəllər ilk mərhələlərdə "Qarabağ”a normal rəqiblər düşürdü. Məsələn, Kiprin komandası APOEL kimi. Statistikanı dəqiq bilmirəm, mənə elə gəlir əvvəllər ilk mərhələrdə "Qarabağ”a heç vaxt belə güclü rəqiblər düşməyib.
Bu gün "Zirə” də taleyindən gileylənə bilər. Çünki "Makkabi”nin (Tel-Əviv) necə rəqib olduğunu bilirsiniz. Gördünüz ki, ötən il digər İsrail klubu "Makkabi” (Hayfa) "Neftçi”ni asanlıqla keçdi. Ümumiyyətlə İsraildə iki köklü klub var. Söhbət "Makkabi”lərdən gedir. Əvvəl Yerussəlim klubu "Beytar” da var idi. Ancaq illər keçdi, öz nüfuzunu itirdi. Bu, iki komanda həqiqətən İsrail futbolunun flaqmanlarıdır. Tel-Əviv "Makkabi”si ən varlı, elit klublardandır. Tel-Əviv şəhərinin digər təmsilçisi HAPOEL isə fəhlələr, daha doğrusu, həmkarlar ittifaqının klubudur. "Makkabi” İsraildə ən bahalı komandalardan biridir. Bu gün də həmin səviyyəsini saxlamaqdadır. Ümumiyyətlə İsraildə daim iki "Makkabi” arasında mübarizə gedir. Gah biri, gah da digəri çempion olur. Ona görə də Konfrans Liqasındakı klublarımız arasında ən çətin rəqib məhz "Zirə”yə düşüb.
Bizim üçün bir qədər qaranlıq qalan komanda "Aris”dir. Çünki yenidir. Özlərini sübut etmək, daha motivasiyalı olmaq istəyəcəklər. Digər tərəfdən təcrübə məsələsi var. "Neftçi”də bu gün gedən proseslər bizi qorxuya salıb. Çünki baş məşqçi təyin olunmayıb və hazırlığa başlamayıblar. Mənə elə gəlir "Neftçi”yə daha asan rəqib düşüb. Səviyyəsinə uyğundur. "Neftçi” gecikmələrlə özü-özünə çətinlik yarada, şansları bərabərləşdirə bilər. 
"Qəbələ”nin rəqibi Macarıstan klubunun adı əvvəllər "Videoton” olub. Sonradan şəhərin adını dəyişdiriblər. Bu gün Macarıstan futbolu yüksəlişdədir. Təcrübəli komanda sayılır. "Qəbələ” üçün asan olmayacaq”.

Diniyev sabiq klubu "Neftçi”nin hazırkı durumuna və baş məşqçi Samir Abasovun ayrılmasına münasibətini bu cür bildirdi: 

"Abasovun getmək və qalmaq məsələsi ilə bağlı suala cavab verə bilməyəcəm. Çünki mən də məşqçiyəm. Adları kənara qoyaq, bu gün baş məşqçi təyinatının gecikməsinə görə "Aris”lə "Neftçi”nin səviyyələri bərabərləşir. Baxmayaraq ki, bizim komanda daha güclüdür. Şanslar bərabərləşəcək ki, bu da "Neftçi” üçün yaxşı hal sayılmır”. 

Məşqçilər Komitəsinin üzvü bir müddət öncə birlikdə səfərdə olduğu U-21-in Avropa çempionatının seçmə mərhələlərindəki matçlarına və hazırkı vəziyyətinə toxundu:

"U-21 əsas millimizin ən yaxın ehtiyat qüvvəsidir. Yaxşı uşaqlar çoxdur. Bilirsiniz ki, bu ildən limit də götürüldü. Üstəlik legioner limiti artırıldı. Bu bir qədər suallar doğurur. limitin aşağı yaş qruplarına təsiri tam olacaq. Bu, qaçılmazdır. Futbolçunun oyun praktikası olmalıdır. Əks halda geriləyəcək. Bu bir qədər düşündürən sualdır. Çempionata gəlincə, Estoniyaya qarşı "1 nömrə” oynadıq. Finlandiya ilə Norveç isə bayaq dediyim kimi, hava toplarına üstünlük verdilər. Həqiqətən də gördük ki, Finlandiya ilə Norveç bizdən güclüdür. Bunu etiraf etmək lazımdır. Əsas da Norveç. Sona yaxın qol vurub qrup lideri oldular. Uda bilərdik. Haradasa stabillik çatmır, futbolçuların fiziki durumu yetərli deyil. Ancaq mən nikbin baxdım ki, belə futbolçularımız var. Digər tərəfdən pessimist oluram ki, oynamasalar, deməli yoxdurlar. Bu gün U-21-in futbolçuların itirə bilərik”.

Səbuhi Həsənov