Xəbər lenti

İdman 15:16 09.01.2023

Yığmamızın baş məşqçisi: "Reallıqla barışmalıyıq"

Artıq xeyli müddətdir ki, U-21 yığmamız bir araya gəlib, təlim-məşq toplanışında iştirak edə bilmir. Gələn ay 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçiriləcək. Şübhəsiz, yarışa hazırlaşmaq üçün indidən toplanış keçirilməli, heyət toplanmalıdır. Bəs məşqçilər korpusu nə düşünür və qarşıdakı planlar necədir?

Bu suallara U-21-in baş məşqçisi Samir Əliyevdən cavab aldıq. Mütəxəssis Qaynarinfo-ya açıqlamasında bunları söylədi:

"Əslində yanvarda təlim-məşq toplanışı və ən azı bir yoldaşlıq matçı keçirmək istəyirdik. Təəssüf ki, rəqib tapa bilmədik. UEFA-nın pəncərəsi olmadığı üçün yanvarda U-21 səviyyəsində Avropanın heç bir yerində toplanış keçirilmir. Futbolçular öz klublarında hazırlıq keçir. Bizim planımız baş tutmadı. Bir neçə futbolçumuz Antalyada öz klubları ilə təlim-məşq toplanışındadır. Ola bilsin gedib onları izləyəcəyik. Fevralın 2-də püşkatmadır. Yəqin ki, martda seçmə mərhələ başlayır. Biz də püşkatmadan sonra yığışmalı olacağıq. Çünki başqa vaxt yoxdur. Futbolçular klublarında məşqlərini davam etdirir, oyunlar keçirirlər. Bu baxımdan problem olur. Uşaqları elə-belə yığıb, məşq keçmək də lazımsız, mənasız bir şeydir. Biz yoldaşlıq görüşü keçirmək istəyirdik, təəssüf ki, alınmadı. Rəqib yoxdur”.

Veteran hücumçu püşkatmadan gözləntiləri haqda sualı cavablandırarkən onu narahat edən başqa bir məqam olduğunu vurğuladı:

"Biz beşinci səbətdəyik. Yüksək reytinqinə, gücünə görə birinci, ikinci, üçüncü səbətlərdə olan komandalar var. Yəni, heç yerə qaçası deyilsən. İstənilən halda güclü rəqiblərlə düşəcəksən. Açığı, məni ən çox narahat edən öz komandamızın durumudur. Bu gün limitə görə futbolçulardan 2-3 nəfəri çıxmaq şərtilə, demək olar heç biri Premyer Liqada oynamır. Rəqib kim olursa-olsun, məni narahat edən əsas məqam budur. "Dişinə" görə rəqib olmayacaq. Bəlkə 6-cı səbətdən nisbətən reytinqi aşağı olan rəqib düşəcək. Yenə də məni düşündürən uşaqların aqibətidir ki, onlar tezliklə klubların əsas komandalarında Premyer Liqada şans qazansınlar. Bir neçə klubumuzun heyətində ümumiyyətlə heç 21 yaşa qədər olan futbolçu yoxdur. Biz də məcburiyyət qarşısında qalıb, Birinci Divizion komandalarından seçim edirik”.

Məşqçi narahatlığını AFFA və klublara çatdırdığını da bildirdi: 

"Söhbət etmişik. Amma niyə diqqət ayrılmadığını özünüz araşdıra bilərsiniz. Mən nə deyim? Gileylənmirəm, amma vəziyyət budur. Bundan da maksimum faydalanacağam. Əsasən Birinci Diviziondan futbolçu götürəcəyik. Kənardan heç kimi milliləşdirmək söhbəti yoxdur. Ancaq öz uşaqlarımızdan istifadə edəcəyik. Premyer Liqada yoxdursa, məcburən Birinci Diviziondan seçməliyəm. Say olaraq siyahı genişdir. Amma səviyyə baxımından "axsamalar” çoxdur. Çətin vəziyyətdir, amma bizim işimiz budur. Asan iş yoxdur. Reallıqla barışmalıyıq. Əl-qolumuzu sallamamalı, mübarizə aparmalıyıq”.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->