İdman 14:25 05.09.2023

Zaur Ramazanov: “Biz düşmən deyilik…”

Millilərin oyunu ilə bağlı fasilə yarandı. De Byazinin rəhbərlik etdiyi yığmamız sentyabrın 9-da AVRO-2024-ün seçmə mərhələsində Belçika ilə qarşılaşacaq. Komandamız bu oyundan bir neçə gün sonra isə İordaniya ilə yoldaşlıq matçına çıxacaq. 

Millimizin sabiq üzvü Zaur Ramazanov Qaynarinfo-ya açıqlamasında heyəti və şansları dəyərləndirib. O, qardaşı Ağabala Ramazanovun yığmaya dəvət almaması ilə bağlı da danışıb: 

"Bizim yaxşı oynayan futbolçularımız var. Bunu həmişə demişəm. Sadəcə, taktika yaxud gedişatdır, nədirsə, alınmır. Həmin uşaqlar "Qarabağ”da da oynayırdılar. Demək olar, eyni heyətdir. Onların "Qarabağ”da oynaması, millidə özünü göstərə bilməməsi təəccüblüdür. Adamın qabında varsa, eyni üslubda oynatmaq mümkündür. Burası məşqçinin özünə qalır. Fikrimcə, çox çətin olacaq”.

Ramazanov "Neftçi”dən milliyə dəvət edilməsi narazılıqla qarşılanan Höccət Haqqverdi ilə bağlı da fikirlərini bölüşüb:

"Höccət kimi futbolçular Azərbaycanda da var. Məsələn, onun əvəzinə Şəhriyarı dəvət etsəydilər, böyük fərq olmazdı. Çünki eyni səviyyədədirlər, hətta Şəhriyar daha üstündür deyərdim. Ancaq De Byazinin fikridir, biz nə deyə bilərik? Onsuz da özümüz deyib, özümüz də eşidirik. Biz düşmən deyilik, istəyirik ki, komandamız gözəl oynasın. Uduzanda da bilək ki, mübarizə apardılar. Biz də küçəyə ürəklə çıxaq. Nə qədər söz-söhbətlər, "Azərbaycanda futbol olmayıb, olmayacaq” sözlərini eşitmək olar? Baxmayın, mən də əziyyət çəkmişəm, neçə illər futbol oynamışam. Ona görə mənə də təsir edir. Deyirlər hər şey, mükafat, şərait var. Heç-heçəyə, qələbəyə filan qədər mükafat ayırırlar. Çox söhbətlər olur, belə baxanda düz deyirlər. Nəyə görə bizdə də futbol olmamalıdır?”

Zaur "Səbail”də oynayan qardaşı Ağabala Ramazanovun milliyə dəvət almamasına da münasibətini bildirib:

"Onsuz da nəsə deməyimizlə vəziyyət düzələsi deyil. Əlbəttə, hamısını çağırıb yoxlamalıdır. Komandanın kapitanıdır, demək olar, oyunların çoxunu Ağabala qurur. Bilirsiniz ki, qabiliyyəti var, bir ötürmə ilə futbolçunu qapıçı ilə təkbətək qoya bilər. Son vaxtlar travmalar ona imkan vermirdi, amma hazırda yaxşı formadadır. Oyunların hamısında start heyətdə meydana çıxır. Birində əvəzetmədən meydana çıxmışdı, onda da qol vurmuşdu. Səbəbini De Byazidən soruşmaq lazımdır. Kim nə edirsə, özünə edir. Bu gün baş məşqçi kimi işləmək istəyən insan hər futbolçudan istifadə etməlidir”.

Keçmiş hücumçu AÇ-nin seçmə mərhələsində qarşılşacağımız Belçika ilə matçda şanslarımızı dəyərləndirib:

"Şanslar pis deyil. Oyun sistemimizdən çox şey asılıdır. Bəxt amili işləməlidir. Başqa necə ola bilər?”

Səbuhi Həsənov