Xəbər lenti

İdman 11:48 03.10.2023

Keşmiş FİFA referisi Ağcabədidə futbol klubu yaratdı: “Tək mənim görəcəyim iş deyildi”

AFFA-nın bayrağı altında keçirilən Region Liqasına, demək olar, hər il yeni komandalar qoşulur. Şübhəsiz, bu komandaların əksəriyyətinin rayonlarımızı təmsil etməsi sevindirici haldır. Region Liqası olsa da, Azərbaycanın rayonlarında futbola marağı olanların sayı-hesabı yoxdur. Hətta bir çox rayonlarda oyunlara gələn azarkeşlərin sayı Azərbaycan Premyer Liqası matçlarında tribunalara toplaşanlardan daha çox olur. Bu səbəbdən ölkədə futbolun inkişafı üçün rayonlara önəm vermək, məhz oralarda istedad axtarmaq lazımdır ki, Region Liqası bu mənada önəmli rol oynayır.
 
AFFA-nın bayrağı altında keçirilən sözügedən yarışa bu il daha bir bölgənin - Ağcabədinin də təmsilçisi qoşulub. Özü də klubun fəaliyyətə başlamasında əsas rol oynayan şəxslərdən biri keçmiş FİFA referisi, Azərbaycan Premyer Liqasında bir çox oyunlar idarə, həmçinin beynəlxalq arenalarda ölkəmizi təmsil etmiş Əfqan Həmzəyevdir. Hazırda Ağcabədi Olimpiya İdman Kompleksinin direktoru olan Həmzəyev rayonda futbolun inkişafı, dirçəlişi üçün ilk addımları atıb. 

O, yeni yaradılan komanda ilə bağlı Qaynarinfo-ya danışıb:

"Ağcabədidəki kompleksə direktor təyin olunduqdan sonra, icra başçısı, rayonun idman idarəsinin rəhbəri ilə görüşdüm. Ağcabədidə futbolu necə inkişaf etdirməklə bağlı müzakirələr apardıq. Xahiş etdilər ki, kompleksdə futbol bölmələri açılsın. Düşündüm ki, futbol da idmanın bir növüdür və olmalıdır. Niyə də yox? Çünki müxtəlif idman komlekslərindən futbol bölmələri var. Ağcabədidə futbol yox idi, əvvəlcə qərara aldıq ki, uşaq komandaları yaradaq. Hazırda üç yaş qrupunda 60-a yaxın uşaq futbolla məşğul olur. Səkkizdən tutmuş, 14-15 yaşa qədər qruplarımız var. Bu il ilk dəfə olaraq üç - U-11, U-13 və U-14 komandaları ilə AFFA-nın bayrağı altında keçirilən yarışlarda iştirak edəcəyik. Ağcabədidə neçə ildir, insanlarının futbola marağının həqiqətən çox olmasına baxmayaraq, böyük futbol yox idi. Ona görə də köhnə, veteran futbolçuları yığdıq. "Kəpəz”də, "ABN Bərdə” və digər komandalarda oynamış futbolçularımız olub. Dəvət etdik, danışdıq, razılığa gəldik. Elə uşaq komandalarına da rəhbərlik etməyi onlara tapşırmışıq. Daha sonra böyüklərdən ibarət, Region Liqasında oynamaq üçün komanda yaratdıq. Bu, tək mənim görəcəyim iş deyildi. İdman idarəsinin müdiri Rüfət müəllimin, icra başçısı Rafil Hüseynovun, məşqçimiz Namiq müəllimin, futbol veteranlarımız Ruslanın, Orxanın və digərlərinin də əməyi var. Hər birinə təşəkkürümü bildirirəm.
Dörd yoldaşlıq matçı keçirmişik, onların yalnız birində məğlub olmuşuq. Qalan bütün oyunlarda qələbə qazanmışıq. Komanda yavaş-yavaş formaya düşür. Hazırda nəticəyə oynamırıq, məqsədimiz Ağcabədidə futbolu dirçəltməkdir. Bir neçə il yalnız və yalnız rayonda futbolun inkişafı üçün oynayacağıq. İnsanlar bilsin ki, kompleksdə futbol var. Gəlsinlər, stadionu doldursunlar, dəstək olsunlar. Sırf bunun üçün oynayacağıq. Hələlik heç bir yerdən maddi dəstəyimiz yoxdur. Rayon rəhbərliyi, idman idarəsinin rəisi daim bizim yanımızdadır. Komandanı öz gücümüzə yaratmışıq. Rayonda olan müxtəlif şirkətlərə, banklara, "Atena”ya müraciət edəcəyik. Olar, olar, olmasa da hər şeyi özümüz edərik. Hələlik bir az AFFA-nın, rayon rəhbərliyinin, bir az da öz gücümüzlə fəaliyyət göstərəcəyik. Hesab edirəm ki, ağcabədililər öz komandalarına dəstək çıxacaqlar. Buna əminəm, çünki rayonda futbolu sevirlər”. 

Həmzəyev komandanın səfər oyunları zamanı AFFA tərəfindən avtobus və ya yolpulu ilə təmin olunduğunu, ev matçlarını isə kompleksin stadionunda keçirəcəklərini bildirib:
 

"Onsuz da Region Liqasında oynayan komandaların səfər xərcləri, yolpulu AFFA tərəfindən qarşılanır. Həmin pul nəqliyyata kifayət edir. Bir qədər də kompleks olaraq biz, həmçinin  bəzən komandada oynayan uşaqlar öz ciblərindən dəstək olacaqlar. Komanda sırf ambisiyalar, şəxsi maraqlar üzərində, futbol olsun deyə qurulub. İnanıram ki, tez bir zamanda problemlər aradan qalxacaq. Əsas odur komanda yaradaq, dəstək özü gələcək.
Komanda Olimpiya İdman Kompleksində məskunlaşacaq. Oyundan əvvəlki və sonrakı məşqlərin ardınlan futbolçuları hamam, sauna, qidalanma ilə təmin edəcəyik. Bu şeyləri kompleks öz üzərinə götürüb. Səfər oyunlarında da yəqin ki, dəstəkçilərimiz olacaq”.

Keçmiş referi komandanı formalaşdırmaq üçün kəndlərarası çempionat keçirildiyini və heyəti oradan seçilən uşaqlardan formalaşdırdıqlarını söyləyib:

"İyun-avqust aylarında minifutbol çempionatı keçirdik. 16 komanda vardı, iki dövrə oynadılar, yarış üç ay davam etdi. Çempionatdan sonra 30-35 uşaq seçdik. Yoldaşlıq oyunlarında futbolçuları "ələdik”, kim lazım idisə götürdük. Demək olar, futbol oynaya bilənlərin hamısını götürmüşük. Hələ bizə bəzi mövqelərə oyunçular, qapıçı lazımdır. Boş yerlərimiz mövcuddur. Düzdür, oyunçular var, ancaq qane etmir. Başqa rayonlardan gələnlər yoxdur. Kəndlərə baxmışıq, ayağı top tutanların, can yandıranların, veteranların hamısını cəlb etmişik heyətə. Əsas məqsəd isə uşaq futbolunu inkişaf etdirməkdir. Çalışırıq ki, futbola uşaqlar gəlsin. Stadiona adam gələndən sonra, təbii ki, uşaqları da gətirəcək və onlarda maraq yaranacaq”.

Səbuhi Həsənov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?