Məqsəd Nur
Ölkə 13:37 29.02.2024

Xalçaya bükülmüş Xocalı

Hər il 20 Yanvar tədbirləri necə keçirilirdi? Şəhidlər xiyabanının lal planda təsvirləri gedir, Kamil Cəlilovun, Habil Əliyevin ifa etdiyi ağır muğamlar, az qala faciəvi əhval-ruhiyyə yaradan kompozisiyaların müşayiəti ilə eyni proses 24 saat davam edirdi. Səhv etmirəmsə, 2002-ci ilin yanvarında 20 Yanvar tədbirlərini canlı efirdə işıqlandırmaq işlərini təşkil etmək üçün Şəhidlər Xiyabanına getməli oldum. O tərəflərə getmək həmişə ağır gəlirdi: bir vaxtlar müharibəyə çağırış edib sonra aradan çıxanların səsinə səs verməklə o əraziyə gəlmiş, elə o vaxtdan da özümü savaş kabusunun ağuşuna atmışdım. Lakin 1-ci müharibədən sonra aradan keçən illər ərzində hər yerdə ağlaşmalardan və mərsiyəxanlardan qaçırdım. 

Hə, onu da deyim ki, acı məğlubiyyətin davam etdiyi illərdə bir neçə orta məktəbdə 20 yanvar və Xocalı tədbirlərində iştirak etməli olmuşdum. Tədbirlərin ssenari müəllifləri, adətən, özlərindən asılı olmayaraq, ya ağlaşma qurur, ya da qəzəbi və kədəri böyüdərək ifrata varırdılar...

2002-ci ilin yanvarında isə işimlə əlaqədar Şəhidlər Xiyabanına axışan insanları canlı efirə hazırlamaq məcburiyyətində qaldım və o gün məni tamam dəyişdi. Əsl terapiya kimi. Anladım ki, cəmiyyət xeyli irəli gedib, təbliğat maşını isə geridə qalıb. İnsanlar artıq ağlamaq istəmirlər. Xüsusilə, yeniyetmələr, gənclər, müəllimlər 20 Yanvardan qəhrəmanlıq tarixi kimi bəhs edirlər. Onlar bu tarixi beləcə - fəxr və qürurla hekayələşdirmək istəyirlər. 

Belə də oldu: mən o işıqlı insanları danışdırmaq üçün onlara qoşuldum. Birlikdə səsimizi Şəhidlər Xiyabanından kənara çıxarmağa çalışdıq. Yaxşı ki, bir himə bəndmiş kimi digər telekanallar da bu parlaq insanların səsinə səs verdi.  

Artıq 20 Yanvar qəhrəmanlıq və qürur hekayəsdir. Bu hekayənin energetikasını heç kim üzə çıxarmayıb - bu, orada canını fəda etmiş insanların ruhudur, danışır... 

20 Yanvarın, Xocalının şokunu yaşayan, o insanları gözü yaşlı, üstü qanlı görən, reportaj yazan, lentə alan, müstəqillik uğrunda mübarizədə və Birinci Müharibədə məğlub olan bir iştirakçı kimi deyirəm: yerli-dibli bitirək bu ağlaşma dönəmini. İlk növbədə,  uşaqları faciələrə ağlamağa sövq etməyək. Orta məktəbdə, mədəniyyət müəssisələrində mərsiyəxanlığa son qoyaq. 

Əlbəttə, 20 Yanvardan fərqli olaraq, Xocalı tamam başqa hekayədir. Ancaq hara çəksən, Xocalı da onun məntiqi davamıdır... 

Uzun illər əvvəl, bir sənədli filmin çəkilişi üçün əslən Xocalıdan olan insanlarla görüşməli idim. Müxtəlif yaş kateqoriyasıından olanlarla söhbətləşdim. Əsir düşmüş, olmazın zülmünü çəkmiş bir qadınla danışandan sonra isə xeyli düşünməli oldum. Əslində istədiyim qəhrəmanı tapmışdım. Bu qadın öz təpəri, həyat eşqi, gələcəyə baxışı ilə bütün çəkiliş qrupunu heyrətə saldı. Qəhrəmanlarım istədiyimiz kimi - sakit tərzdə, ağlamadan öz hekayələrini danışdılar. Hətta, elə oldu ki, bu hekayələrin ağırlığından özünü saxlaya bilməyib ağlayan çəkiliş  qrupunun bir üzvünə Xocalı sakini təsəlli verdi. 

Bir dostumla Yevlaxın ilanmələr düzənliyində məskunlaşmış  yaxın qohumumun yasına getmişdik. Kəlbəcərdən qaçqın düşmüş, iki azyaşlı övladı olan gənc kişini ildırım vurmuş, dünyasını dəyişmişdi. Rəhmətliyin atası yasdan çıxıb gedən insanları yola salarkən onlara təsəlli verir, yol-izdə ehtiyatlı olmağı tapşırırdı. Dostum uzun müddət o təsəllinin təsirindən çıxa bilmədi. Mən isə belə hallara uşaqlıqdan öyrəşmişdim - ölü yiyəsinin təpəri biz tərəflərdə mühümdür. Demək olar ki, bu səssiz-səmirsiz kədərin, itkilərin içində böyümüşdüm. 

Xocalı insanları ilə ünsiyyətdə olanda isə  təpərin, gələcəyə olan ümidin zirvəsini gördüm. 

Şükür, toparlandıq! Ümid edirəm ki, Xocalının və xocalıların həyat dərsi digərlərinə də təpər dərsi verəcək. Necə dözmək, necə yaşamaq və necə dönmək dərsi...

Bu yazını bitirərkən Xocalıda daha bir kütləvi məzarlıq tapıldığını oxudum. Yadıma bir neçə il əvvəl oxuyub qəhərləndiyim başqa bir xəbər də düşdü. Vaqonda yaşayan bir Xocalı sakini heç bir hazırlığa getmədən ən yüksək bal toplayıb, bu uğurunu xəstə atasına hədiyyə etmişdi. 
 
2-ci müharibədə isə heç vaxt Qarabağın üzünü görməyən gənc oğlanların necə döyüşə can atdığı da, əslində, bu düşüncənin davamı idi. 

Bilirik ki, bizim gözəl, işıqlı, pozitiv süjetli  xalçalarımız və o xalçaya naxış vuran insanımız var. Ölümüzü də, dirimizi də xalçaya bükmək adətimiz var. 

Maraqlıdır, Xocalıda tapılan kütləvi məzarlıq xalça muzeyinin yanında imiş. Xalçalarımızın gizli şifrələri isə deyir ki, nə olur-olsun, həyat davam edir... 

Məqsəd Nur